Birinci Qarabağ şəhidi, cəsur kəşfiyyatçı Bahadur Quliyevin əziz xatirəsinə

HƏRBİ
Quliyev Bahadur Sehriman oğlu 25 may 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, uşaqlıq illərindən Vətən sevgisi, cəsarəti və mərdliyi ilə seçilmiş, doğma torpağına sonsuz məhəbbət bəsləmişdir. İlk təhsilini Ağdam rayonunun Qurban Pirimov adına Gülablı kənd orta məktəbində almışdır. Sonralar ailəsi atasının işi ilə əlaqədar Rusiyanın Volqoqrad vilayətinə köçsə də, Bahadurun qəlbi daim Azərbaycanla döyünürdü.
Ailədə altı övladın üçüncüsü olan Bahadur uşaqlıqdan hərbçi olmağı arzulayırdı. O, Rusiyanın Kazan şəhərində hərbi xidmətə başlasa da, yad ölkənin ordusunda xidmət etməyi qəbul etmədi. Həmin dövrdə Azərbaycanın torpaqları işğala məruz qalır, Qarabağda ağır döyüşlər gedirdi. Bahadur bir an belə tərəddüd etmədən doğma Vətəninə qayıtmaq qərarı verdi.
Atasının “İki qardaşın artıq Azərbaycan Ordusundadır, sən bizimlə qal” sözlərinə qarşı Bahadur qətiyyətlə belə cavab verdi:
“Məni saxlamayın. Fikrim qətidir, Azərbaycana getməliyəm. Mən öz Vətənimə xidmət etməli, Azərbaycan əsgəri kimi ömrümü bu müqəddəs amala həsr etməliyəm.”
Bu sözlər onun Vətənə bağlılığının, xalqına sədaqətinin və əsl vətənpərvər ruhunun ifadəsi idi.
Cibində pulu olmadan, hərbi geyimdə yük maşınları ilə Azərbaycana qayıdan Bahadur Ağdamda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başladı. Qısa müddətdə cəsurluğu, çevikliyi və intizamı ilə döyüş yoldaşlarının böyük hörmətini qazandı. O, dəfələrlə təhlükəli kəşfiyyat əməliyyatlarında iştirak edərək düşmən haqqında mühüm məlumatlar əldə olunmasına böyük töhfələr verdi.
Atası son dəfə ona pul göndərərək evə qayıtmasını istəyəndə Bahadur belə cavab verdi:
“Ata, mütləq gələcəyəm. Səni də, anamı da, qardaşlarımı da görəcəyəm. Amma əvvəl Vətən qarşısındakı borcumu sona qədər yerinə yetirməliyəm.”
Bu sözlər onun ailəsinə olan sevgisini və Vətən borcunu hər şeydən üstün tutduğunu göstərirdi.
17 aprel 1995-ci ildə hərbi hissə komandiri düşmənin əsas mövqeləri barədə dəqiq məlumat toplamaq üçün xüsusi kəşfiyyat tapşırığı verdi. Beş nəfərlik qrup yaradıldı. Qrupun tərkibinə əfsanəvi kəşfiyyatçı “Xanı” ləqəbli Səyyaf Əhmədov, Siyavuş Hacıyev, Cəfər Əliyev, Ramil Əkbərov və Bahadur Quliyev daxil idi.
Qrup Ağdam rayonunun Çıraqlı kəndi istiqamətindən keçərək Baş Qərvənd kəndi yaxınlığında kəşfiyyat apararkən piyada əleyhinə mina partladı. Bahadur Quliyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Döyüş yoldaşları böyük fədakarlıq göstərərək onun nəşini neytral ərazidən çıxardılar.
18 aprel 1995-ci ildə Birinci Qarabağ müharibəsinin igid kəşfiyyatçısı Bahadur Quliyev Ağdam rayonunun Xındırıstan kənd qəbiristanlığında izdihamla torpağa tapşırıldı.
Bahadur Quliyev öz canını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda etdi. Onun ömür yolu Vətən sevgisinin, mərdliyin, şərəfin və qəhrəmanlığın parlaq nümunəsidir. O, xalqımızın yaddaşında cəsur kəşfiyyatçı, əyilməz Azərbaycan əsgəri və Vətənə sonsuz sədaqətin rəmzi kimi əbədi yaşayacaq.
Ruhun şad olsun, qəhrəman kəşfiyyatçı Bahadur Quliyev!
Sənin müqəddəs xatirən daim qəlbimizdə yaşayacaq. Azərbaycan xalqı göstərdiyin şücaəti heç zaman unutmayacaq. Vətən uğrunda canından keçən igidlərin adı tariximizin ən şərəfli səhifələrində əbədi olaraq yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

MUASİRMEDİA.AZ
HACI RAMİL BƏDƏLOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir