Azərbaycanın rəqəmsal inkişaf gündəmində süni intellektlə bağlı mühüm addım atılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə SpaceXAI arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar üzrə memorandum imzalanıb.
Sənəd çərçivəsində SpaceXAI-nin Grok modellərindən istifadə etməklə dövlət xidmətlərində süni intellekt imkanlarının araşdırılması nəzərdə tutulur.
Məlumata görə, əməkdaşlığın yalnız bir dövlət qurumu ilə məhdudlaşması planlaşdırılmır. Müxtəlif dövlət strukturlarında pilot layihələrin və texniki nümayişlərin həyata keçirilməsi imkanlarının araşdırılması nəzərdə tutulur.
Burada əsas məqsədlərdən biri dövlət xidmətlərinin daha sürətli, əlçatan və səmərəli təşkilinə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməkdir.
Nazirliyin açıqlamasına görə, növbəti mərhələdə pilot layihələri və texniki sınaqları əhatə edən yol xəritəsinin hazırlanması planlaşdırılır.
Bu istiqamət Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyası və rəqəmsal inkişaf üzrə fəaliyyət planı ilə əlaqələndirilir.
MUASİRMEDİA.AZ
