Firuzə xanım dövrünün tanınmış maarifçisi, Tiflis Müsəlman Qadınlar Klubunun sədri, pedaqoqu olmuşdur.
Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır.
O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb.
Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi. O, şəhərdə qadın müsəlman cəmiyyəti təşkil etmiş, orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar səhnələşdirib.
Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının əsasını Firuzə ilə Məcidin məhəbbət hekayəsi təşkil etmişdir.
Firuzə Vəkilova xanəndə Məcid Behbudovun həyat yoldaşı olub. Onların bu nigahdan üç övladı var idi. Ailənin hər üç övladı incəsənət aləmində şöhrət qazanıblar.
- Böyük oğlu — Ənvər Behbudov (1912, Şuşa – 1993, Moskva) – Azərbaycan, sovet teatrı rejissoru, RSFSR xalq artisti 1965).
- Qızı — Nəcibə Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) — azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974).
- Kiçik oğlu — Rəşid Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq artisti və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi adını almışdı. MuasirMedia.az