ÖMÜR YOLLARIMDAN SƏTİRLƏR

ədəbiyyat
Zaman keçdikcə, özümü dərk etmiş, həyatımın özünəməxsus axarı, enişli-yoxuşlu, uğurlu-uğursuz, sevincli-kədərli, xeyirli-şərli yolları ilə ömrün ixtiyar, ahıl dövrünü doğulub boya-boyaşa çatdığım doğma Muşevan (Dəllər) elində ləyaqətlə, namus və qeyrətlə, abır-həya ilə, xeyirxah əməllərlə yaşamış, elm ocağında müəllimlik fəaliyyətimi bu gün də davam etdirirəm.

Ömrümün çox hissəsini dilimizin qrammatik qayda-qanun və incəliklərini, ədəbiyyatımızın tarixini, görkəmli ədiblərin həyat və yaradıcılıqlarını gənc nəslin öyrənməsi və mənimsəməsi yolunda əlimdən gələni, bilik-bacarığımı əsiurgəmirəm.

Bu gün, 5 sentyabr 2023-cü ildə pedaqoji fəaliyyətimin 55-ci ili tamam olur. Bu əlamətdar, tarixi gün həyatımın ən yadda qalan, heç vaxt unudulmayan şərəfli “Ömür kitabı”nın səhifələrinə qızıl hərflərlə yazılmışdır. Pedaqoji fəaliyyətimin yubiley tarixiylə fəxr edir, qürur duyuram, çünki Vətənim, Xalqım qarşısında vətəndaşlıq və insanlıq borcumu yerinə yetirmiş və bu gün də yerinə yetirməkdə davam edirəm.
Ömrümün yadda qalan bir çox illərinin xronologiyasını sosial şəbəkə Dostlarıma çatdırmağı qərara aldım:
“Mən, Əlixan Yəhyaoğlu (Əlixan Yəhya oğlu Məmmədov) 10 mart 1951-ci ildə, keçmiş Gürcüstan SSR-nin Bolnisi rayonunun, Muşevani (Dəllər) kəndində anadan olmşam. 1958-ci ildə Muşevani ibtidai məktəbinin I sinfinə, 1959-cu ildə Marneuli internat orta məktəbinin II sinfinə qəbul olunmuş və 1968-ci ildə həmin orta məktəbi bitirmişəm. Məktəb illərində “Əmək və Müdafiəyə Hazır ol!” idman normativini yerinə yetirərək ikinci dərəcəli idmançı olduğuna görə 1968-ci ilin 5 sentyabr tarixində Muşevani 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlamış və hazırda pedaqoji fəaliyyətimi həmin məktəbdə davam etdirirəm.
1969-cu ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki N.Tusi adına ADPU) qiyabi şöbəsinin filologiya fakültəsinə qəbul olunmuş və 1977-ci ildə həmin ali məktəbi bitirmişəm.
1970-ci ildən 1972-ci ilədək sovet imperiyasının ordusunda xidmət etmişəm.
1972-ci ildə hərbdən təxris olunduqdan sonra ali təhsilimi davam etdirmiş və 1977-ci ildə bitirərək “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisasına yiyələnmişəm.
1972-ci ildən 1978-ci ilədək məktəb komsomol komitəsinə rəhbərlik etmişəm.
1978-ci ildən 1984-cü ilədək Muşevani orta məktəbində “Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini (təşkilatçı), 1984-cü ildən 2000-ci ilədək Muşevani orta məktəbində direktor vəzifəsində çalışmışam.
2003-cü ildən 2007-ci ilədək Bolnisi Rayon Xalq Maarif Şöbəsində (RXMŞ) “Baş metodist” vəzifələrində işləmişəm.
2003-cü ildən 2008-ci ilədək pedaqoji fəaliyyətimlə yanaşı, ölkənin azərbaycandili “Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə xüsusi müxbiri vəzifəsində çalışmışam.
2006-cı ildən 2008-ci ilədək pedaqoji fəaliyyətimlə yanaşı, Azərbaycan Respublikasının “Region plus” analitik jurnalının Gürcüstan üzrə xüsusi müxbiri işləmişəm.
31 mart 2001-ci ildə Gürcüstan Prezidentinin fərmanı ilə “Şərəf” ordeni ilə təltif edilmişəm.
2006-cı ilin 6 dekabrdan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşam.
2008-ci ildən 2013-cü ilədək pedaqoji fəaliyyətimlə yanaşı, Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin orqanı “Region press” qəzetinin müxbiri işləmişəm.
2014-cü ilin dekabrında Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) sədri və mərkəzin müstəqil mətbuat orqanı “Ümid” qəzetinin redaktoru vəzifəsində çalışmaqla yanaşı, həm də Muşevani məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişəm.
Bədii yaradıcılığa tələbəlik illərindən lirik şeirlə başlamışam. “Ayrılığın dağ çəkibdi sinəmə” (1998-ci il) və “Sinəm söz körüyüdü” (1999-cu il) şeirlər kitabının müəllifiyəm. Bir neçə şeirlərim gürcü dilinə tərcümə edilib.
2018-ci ilin oktyabrından “24NewsTv” internet kanalının “Söz xəzinəmiz, musiqi sərvətimiz” verlişinin aparıcısı olmuşam.
Ailəliyəm. Dörd qızım, bir oğlum, on dörd nəvəm və bir nəticəm var”.
Dostlar, beləcə gəncliyimdən başlanan ömür yolunun ahıl, ixtiyar illərini də büdrəmədən, aramla, gənclik eşqi və həvəsiylə addımlayır, yazıb yaradır, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul oluram. Kənd camaatının inam və etimad göstərdiyi, hörmət və rəğbət bəslədiyi, ziyalı, Ağsaqqal kimi bu və ya digər problemlərin həlli üçün müraciətlərini yerinə yetirməyə çalışıram.
Allah-Taala qismət eləsə bundan sonrakı ömrümü də Vətənimin suverenliyi, torpaqlarının bütövlüyü, xalqımın və elimin əmin-amanlığı yolunda vətəndaşlıq və insanlıq borcumu yerinə yetirməyə həsr edəcəyəm. İnşallah!
MUASİRMEDİA.AZ
 Alixan Yahyaoglu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir