HƏYAT YOLDAŞIM ARZULADIĞI GÜNDƏ DÜNYASINI DƏYİŞDİ.

Cəmiyyət
HƏYAT YOLDAŞIM ARZULADIĞI GÜNDƏ DÜNYASINI DƏYİŞDİ.
. Bu hadisə inanılmazdır, öncə deyim ki, inanmayanlar ola bilər, amma bu bir həqiqətdir.Söylədiyim bu hadisə mənim mərhum həyat yoldaşımın simasında özünü göstərmişdir.Heç bir xəstəliyi olmayan gənc yaşlarından hər il Bakı şəhərində törədilmiş qandonduran 20 Yanvar qanlı faciə ilə bağlı Hüzn Gününü ürək ağrısı ilə izləyən və göz yaşlarını ələyən həyat yoldaşım Cəmilə xanım titrək səslə deyirdi:
– Ədə, (məni ərk ilə belə adlandırırdı, böyüklərə ehtiram naminə adımı belə səsləndirirdi) nə olaydı mən bu hüzn günündə – 20 Yanvar günündə dünyamı dəyişəydim, istərdim 20 Yanvar şəhidlərinə mən də qatılaydım, elə bilərəm mən də onların sıralarında dünyadan getmişəm…
1990-cı ildən hər il mərhum həyat yoldaşım 20 Yanvar Hüzn Günündə – 20 Yanvarda illərlə göz yaşları ilə özünə ölümü arzulayan həyat yoldaşım həqiqətən də 20 Yanvar Hüzn Günü səhər saat 9 : 58 – də dünyasını dəyişdi, gözlərini əbədi qapadı işıqlı dünyaya. İstəyinə, çatdı, o kövrək qəlbli Cəmilə xanım. Nəfəs haqdan gələr, -deyib atalar.Həqiqətən də arzuladığı kimi 20 Yanvar Bakı faciəsində həlak olan Vətənimizin Şəhid övladlarına ruhən qovuşdu.Hər il 20 Yanvarda Şəhidləri yad edərkən mərhum həyat yoldaşımı da ehtiramla yad edirik. Allah bütün Şəhidlərə və Cəmilə xanıma rəhmət eləsin.AMİN

Əziz dostlar,həyat yoldaşımın əziz xatirəsinə ithaf etdiyim bir şeirimi sizə təqdim etmək istərdim.

ƏZİZ ÖVLADLARIM, SALAMAT QALIN
Gəldim ki, dünyaya şirin gün görəm,
Al-əlvan çiçəkdən çələnglər hörəm,
Demədim arzular qalsın ürəkdə,
Ömrümü boş yerə mən yelə verəm.
İşıqlı dünyada sürdüm bir dövran,
Min əzabla qurdum şirin güzaran,
Əcəl köhlənində tapmadım macal,
Söndü həyat eşqim, olmadı aman.
Allahım, qaytarma bu əllərimi,
Pənahında qalsın qoy övladlarım,
Didməsin övladın dərdi qəlbimi,
Niskillə köçməyim, qalıbdır varım.
Əziz övladlarım, son məqamımdır,
Tapşırıram sizi qadir Allaha,
Köçürəm dünyadan ömrüm tamamdır,
Görməyin həyatda kədər bir daha.
Dəmirçizadə Hacıbaba,
20 Yanvar 2024
Возможно, это изображение цветок
MUASİRMEDİA.AZ
Dəmirçizadə Hacıbaba.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir