Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib

Siyasət
Milli Məclisin plenar iclasında
Fevralın 14-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, hər il Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyir. Sədr məsələ ilə əlaqədar olaraq ədliyyə nazirinin müavini Toğrul Hüseynovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənovun və rəis müavini Mehdi Abdullayevin iclasda iştirak etdiklərini söyləyib.
Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.
Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub. Belə ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib. İşğaldan azad edilmiş ərаzilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilib, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı təmin olunub. Eyni zamanda ötən il keçirilən növbədənkənar prezident seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün suveren ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə Azərbaycan dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməklə qlobal əhəmiyyətli qərarların qəbuluna nail olub.

 
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir