Şair-dramaturq Mirmehdi Seyidzadənin Əliağa Vahidlə bağlı xatirələrindən bir hissəni sizə təqdim edirəm: “Vahidin ilk qəzəllər kitabı 1939-cu ildə çapdan çıxmışdı. Bir gün Vahid çox sevinclə bizə gəldi. Kitabını mənə təqdim etmək üçün gəlmişdi.
Dedim:
– Hə yaxşı vaxtda gəlmisən, bu gün mənə müjdə verdilər ki, dünyaya bir oğlum gəlib!
Vahid qələmini çıxarıb qəzəllər kitabının titulunda bədahətən yazdı:
Dedim, tarix yazım əllə qələmim,
Xəyalım böylə bir mənaya gəldi.
Bir oğlu olubdur Seyidzadənin,
İkinci Füzuli dünyaya gəldi.
Vahidə dedim ki, Əliağa, Füzuli ad deyil, ləqəbdir. Mən oğlumun adını Araz qoymaq qərarına gəlmişəm.
Vahid dedi:
– Araz da vətənin simvoludur, gözəl addır.”


MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU