Bu gün onun anım günüdür…
1922-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin (o zaman hələ Tibb Universiteti yaradılmamışdı-M.R) məzunları arasında yalnız iki qız var idi. Onlardan biri haqqında danışdığımız Adilə xanım Şahtaxtinskaya, digəri isə Ceyran xanım Sultanova idi.
Azərbaycanın mama-ginekologiya sahədə ilk xanım mütəxəssisi olan Adilə Şaxtaxtinskaya Naxçıvanın məşhur Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrindən biridir. Adilə xanım 1894-cü il aprelin 17-də Tiflis şəhərində, görkəmli ziyalı, yazıçı-publisist İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. O, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın kimi tarixə düşüb. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edib. 1933-cü ildə universitet rəhbərliyinin etdiyi bu təyinatla Adilə Şahtaxtinskaya Azərbaycanın ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına və eklampsiyaya həsr olunmuş professor Adilə Şahtaxtinskaya bu elmin bu sahəsində bir-birindən dəyərli və qiymətli əsərlər yazıb, tədqiqatlar aparıb. Adilə xanımın bacısı Leyla xanım isə Avropada təhsil alan ilk azərbaycanlı qadın olub. İsveçrədə təhsil alan Leyla xanım məzun olmasına az müddət qalmış dünyasını dəyişib. Onun ölümü haqqında məşhur “Molla Nəsrəddin” jurnalında nekroloq dərc edilib.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflis şəhərində vəfat edib. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn olunub (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub…
MM.AZ
MƏCİD RƏŞADƏT OĞLU