Yazıçı, jurnalist, tərcüməçi və pedaqoq, repressiya qurbanı Mədinə Qiyasbəyli.
O, “Şərq qadını” jurnalının yaradıcılarından biri idi. 1937-ci ilin sentyabr ayında, vətən xaini damğası ilə, 48 yaşında, heç bir günahı olmadan güllələndi…
O, “Şərq qadını” jurnalının yaradıcılarından biri idi. 1937-ci ilin sentyabr ayında, vətən xaini damğası ilə, 48 yaşında, heç bir günahı olmadan güllələndi…
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, jurnalist və ictimai xadim kimi tanınan Mədinə xanım Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Maarifpərvər Vəkilovlar nəslində, Mehdi ağa Vəkilovun ailəsində doğulan Mədinə xanım ilk təhsilini valideynlərindən alıb. O, sonralar Tiflisdəki məşhur “Müqəddəs Nina” pedaqoji məktəbini bitirmişdi. Öz ətrafına qadınları toplamaq, onlara təhsil vermək məqsədlə 1905-ci ildə birillik pedaqoji kursu bitirərək müəllimlik şəhadətnaməsi almışdı. Mədinə xanım təhsilini başa vurduqdan sonra Salahlı kəndinə qayıdaraq yaşadığı evdə ilk kənd qız məktəbini açmaq qərarına gəlib. Tarixçi İ.Umudlu yazır: «Ancaq onlarca mollası, sofusu və əfəndisi olan bir kənddə qızların məktəbə getməsi fikri yaxşı qarşılanmamışdı. Belə olduqda Mədinə xanım işə qohum ailələrdən başlamışdı. Bu yolla yavaş-yavaş uşaqların sayı artaraq 30 nəfərə çatmışdı. Beləliklə, 1906-cı ilin yanvarında Salahlıda kənd yerində ibtidai qız məktəbi fəaliyyətə başlamışdı. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi…”
Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışan Mədinə xanım Qazax və Gədəbəy bölgələrində məktəblərin təşkilinə də nail olmuş, Salahlı kəndində ilk rus qız məktəbinin yaradıcısı kimi adını ilklər sırasına yazmışdır. Maarifçilik fəaliyyəti ilə məşhurlaşan gənc pedaqoq bir müddət Qazax qəzası kənd məktəblərinin inspektoru vəzifəsində işləmişdi. Bu illərdə Mədinə xanım 20 yaşında ailə qurub Dağ Kəsəmən kəndinə köçmüşdü. İki qızı, bir oğlu vardı. 1917-ci ildə həyat yoldaşı Şəhriyar bəy vərəm xəstəliyindən vəfat edir. Mədinə xanımın sonrakı həyatı Bakı ilə bağlı olmuşdur. 1919-cu ildə paytaxta köçəndən sonra pedaqoji işini dayandırmamışdı. “Qohumu Gövhər xanım Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə əl-ələ verərək paytaxtın mədəni həyatına qoşuldu. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək Armyansk küçəsində yerləşən mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil etdi. Martın 10-da onun rəsmiləşdirilməsinə nail oldu. Mədinə xanımı 2-ci qadın axşam kursunun müəlliməsi təyin etdilər. Qısa bir müddət ərzində bura savadlanmaq arzusunda olan 20 nəfərə yaxın qadın cəlb edə bilmişdi. Kursda Üzeyir Hacıbəyov, Xədicə Ağayeva, Şəfiqə Əfəndizadə dərs deyirdilər.”
Məktəbin müdiri Mədinə xanım, müavini isə Gövhər Usubova oldu. 120 nəfər qızın oxuduğu pedaqoji məktəbə Dağıstandan, Gürcüstandan, Türkmənistandan da qızlar təhsil almağa gəlirdi. Mədinə xanım sonralar Bakıda 33 saylı orta məktəbdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik edib. “Şərq qadını” jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulub. Ardıcıl olaraq tərcüməçilik fəaliyyətilə məşğul olub. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrindən faydalanmışdı. Ordubadinin “Dumanlı Təbriz”, Əbülhəsənin “Yoxuşlar” romanını rus dilinə tərcümə etmişdi.
Mədinə xanım 1936-cı ilin dekabr ayının 8-də saxta ittihamlara əsasən həbs edildi və 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirildi. Bu istintaq 1937-nin sentyabr ayının 28-də başa çatdı. Həmin gün ömrünü xalqın maariflənməsinə həsr edən ağ saçlı Mədinə xanım Qiyasbəyli güllələndi. Heç bir günahı olmadan “xalq düşməni” adlı ilə həyatına son qoyuldu…
Mənbələr: S.Gəncəli – “Hər sətirdə bir tarix” 1994. A.Şahverdiyev – “Azərbaycan mətbuatı tarixi” 2006
Ziya Bünyadov – “Qırmızı terror”.

MUASIRMEDIA.AZ
MƏCİD RƏŞADƏTOĞLU