Salyan rayonun Çuxanlı kənd ərazisində yerli sakinlər tərəfindən yeni bulaq aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində bu ərazidə kəşfiyyat xarakterli neft və qaz yataqlarının tapılması məqsədilə bir neçə quyu qazılıb.
Həmin dövrdə aparılan kəşfiyyat işləri nəticəsində müəyyən edilmiş potensial yataqlar uzun müddət istifadəsiz qalıb. Sakinlərin bildirdiyinə görə, bu quyuların bəzi izləri hələ də mövcuddur və bölgənin təbii ehtiyatlar baxımından əhəmiyyətli olması ehtimal edilir. İlkin müşahidələrə görə, bulaq suyunun xüsusi müalicəvi xüsusiyyətlərə malik olduğu ehtimal olunur. Bu, xüsusilə Aran bölgəsi üçün nadir bir hadisə hesab edilir, çünki bölgənin təbii-coğrafi şəraiti belə bulaqların yaranması üçün adətən əlverişli sayılmır. Mütəxəssislərin bildirdiyinə görə, bulaq suyunun tərkibində müxtəlif minerallar və insan sağlamlığına müsbət təsir göstərən komponentlər müşahidə olunub. Bu istiqamətdə müvafiq qurumların yenidən araşdırma aparması və mövcud ehtiyatların qiymətləndirilməsi bölgənin iqtisadi potensialının üzə çıxarılması baxımından əhəmiyyət daşıyır. Ərazidə müvafiq qurumlar tərəfindən nümunələr götürülərək, suyun kimyəvi analizi aparılmasına ehtiyac var. Əgər bulağın müalicəvi xüsusiyyətləri rəsmi şəkildə təsdiqlənərsə, bu, həm bölgə sakinləri üçün sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyacaq, həm də turizm potensialını artıra bilər. Qeyd edək ki, Azərbaycan ərazisində əsasən dağlıq və dağətəyi bölgələrdə müalicəvi bulaqlara daha çox rast gəlinir. Aran zonasında bu cür bulaqların aşkarlanması isə nadir hallardandır və bu baxımdan Salyandakı yeni bulaq elmi-tədqiqat və turizm baxımından diqqətəlayiq hadisə hesab oluna bilər.