Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsinin alimləri – dekan müavini, Türk dilləri və altayşünaslıq kafedrasının professoru Milena Yordanova, Türk dilləri və altayşünaslıq kafedrasının müdiri, professor İrina Saraivanova və professor Lyudmila İlieva BDU-nun Filologiya fakültəsinin qonağı olublar. Görüşdə fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavinləri Ülviyyə Hüseynova və Anar Fərəcov, kafedra müdirləri – professorlar Məhərrəm Məmmədov, Cəlil Nağıyev, Mətanət Abdullayeva və Tofiq Hacıyev iştirak ediblər.
Fakültə dekanı Elçin Məmmədov qonaqları salamlayaraq, onlara fakültənin tarixi, görkəmli alimləri, tədris və tədqiqat istiqamətləri, o cümlədən son illər həyata keçirilən uğurlu işlərdən söz açıb, Azərbaycanın türk dünyasının mühüm türkoloji mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.
Qonaqlar Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsi haqqında və türkologiya sahəsindəki tədris və tədqiqatlardan danışıb, öz elmi-pedaqoji fəaliyyətləri barəsində geniş məlumat veriblər.
Görüşdə iştirak edən BDU-nun kafedra müdirləri Azərbaycanda və Bolqarıstanda aparılan türkoloji araşdırmalardan, türkologiya dair fənlərin tədrisinin mövcud vəziyyətindən, o cümlədən dil və ədəbiyyatın tədrisi metodikası sahəsində tətbiq olunan yeni təlim üsullarından söz açıblar.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub.




MUASİRMEDİA.AZ