Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 18-də jurnalistlərlə söhbətində bildirib ki, Gorus–Qafan yolunun bir hissəsində Ermənistan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınan sərhədlərə çəkilib.
“Bəli, biz bunu delimitasiya aparmadan etdik və düzgün də etdik”, – Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, “Tramp marşrutu” layihəsi ilə bağlı detallı razılaşma yoxdur, yalnız ümumi prinsiplər üzərində anlaşma mövcuddur. Onlardan biri qarşılıqlılıq prinsipidir. Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, hansı şərt Ermənistana aiddirsə, eyni şərt Azərbaycana da tətbiq olunacaq:
“Biz özümüzdən soruşmalıyıq: istəyirikmi ki, bizim silahlarımız və ordumuz Naxçıvandan keçsin? Bunu istəyirik, ya yox? Biz daim başqaları haqqında danışırıq, amma özümüz haqqında danışmırıq. Əgər biz qərara gəlsək ki, Naxçıvan ərazisindən Meğriyə və geri silah daşımaq istəyirik, o halda belə danışıqlara başlayacağıq. Əgər qərara gəlsək ki, Naxçıvandan Meğriyə və geri dəmir yolu ilə silah daşımaq istəmirik, onda müvafiq formulu dəyişəcəyik”, – Paşinyan qeyd edib.
O, bir daha təkrarlayıb ki, kommunikasiya xətlərinin açılması və “Tramp marşrutu” proqramı ilə bağlı istənilən məsələ beş prinsip çərçivəsində müzakirə olunmalıdır.
MUASİRMEDİA.AZ