Yaradıcı insanların dostu və yaxud qayğı və səbrin ünvanı

ƏDƏBİYYAT

“And olsun qələmə və sözə” – bu ilahi kəlam insanın ən böyük nemətlərindən ikisinin ucalığını göstərir.

Sözə dəyər verən, qələmi müqəddəs sayanlar Allahın ən sevimli bəndələridir. Onlarla işləmək həm rahat, həm də çox çətindir.
Çünki onlar kövrək, sadə, çılğın və eyni zamanda həssas olurlar. Amma haqqa tapınan, həqiqəti sevən insanlardır. Onları səbrlə dinləyib qayğısına qalmaq böyük dözüm tələb edir. Yazıçılar Birliyi bütün yaradıcı insanların məbədidir. Bura qədəm qoyan hər bir insan özünü hüzura qovuşduğu müqəddəs bir məkanda hiss edir. Burada Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Fikrət Qocanın və daha neçə-neçə söz ustadının ruhunu duyursan. Hardasa onların səsi gəlir qulaqlarına, nəfəsini hiss edirsən… Burda şair və yazıçıların daha məhsuldar işləməsinə dəstək verən, onların arzu və istəklərinin həllinə qayğı göstərən insanlar var. Onlardan biri də Azərbaycan Yazıçılar Birliyin sədrinin baş müşaviri Rauf Aslanovdur. O, yanına gələn hər bir yaradıcı insanı doğması kimi qarşılayır, səbr və təmkinlə dinləyir, bacardıqca kömək edir. Məmurdan çox, yaradıcıların yanında dayanan, onları anlayan, hər işdə dəstək olan doğma bir dostdur. Rauf müəllim özü yazıçı olmasa da, yaradıcı insanların “dilini tapmağı”, onları anlamağı və bütün təşkilati məsələləri mükəmməl şəkildə yönləndirməyi bacarır. Yazıçılar Birliyində üzərinə düşən ən mürəkkəb işləri səbr və dəqiqliklə idarə edən, söz adamlarının yanında daim dayanan bir sirdaşdır. Onun davranışında doğmalıq, təmkinində isə müdriklik var. Onunla ünsiyyətdə olan hər kəs, istər gənc yazar, istərsə də ədəbiyyatın tanınmış siması olsun, özünü rahat hiss edir, ürəyini aça bilir. O, yalnız idarəçi deyil, həm də körpü salandır: yazıçı ilə oxucu, yaradıcılıqla cəmiyyət arasında möhkəm bağ yaradır. Şəxsiyyətini mərhəmət, sədaqət, təvazökarlıq və qayğı üzərində formalaşdırıb. O, kreslonu yox, sözün və insanın ucalığını seçib. Bu gün qazandığı hörmətin və sevginin sirri də məhz bu səbəbdəndir. Rauf Aslanov yaradıcıların yanında dayanan, Yazıçılar Birliyinin fəaliyyətini hər detalına qədər düşünərək irəli aparan sadiq dost və ziyalıdır. O, bizə insanlıq və dostluğun dəyərini xatırladan canlı nümunədir.

MUASİRMEDİA.AZ

 ŞƏRAFƏDDİN İLKİN
Şair -publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza mükafat” laureatı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir