Kərbəla şəhidləri nə zaman və kimlər tərəfindən dəfn olundu?

ölkə
Məhərrəm ayının 12-si Kərbəla şəhidləri dəfn olundu. Aşura günü bütün döyüşçülərini itirən İmam Hüseyn (ə) sonda özü də şəhid olur. Sonra xeymələrə hücum edilib Peyğəmbər (s) Əhli Beytinə qarşı vəhşilik edilir. Şam qoşunu xeymələri yağmalayır, hər şeyi qənimət adı ilə talayırdılar.
İmamın (ə) şəhadəti ilə döyüş bitdi. Ömər Səd məlun öz əsgərlərinin dəfninə göstəriş verdi. Onlar dəf olunduqdan və əsirlər tam ələ keçirildikdən sonra məhərrəmin 11-i axşam əsirlər karvanı Kufəyə yola salındı. Bu müddət ərzində şəhidlər dəfn olunmamışdı. Heç bir tayfa yaxına gələ bilmirdi.
Ömər ibn Sədin qoşunu Kərbəlanı tərk etdikdən sonra Bəni-Əsəddən olan Ğaziriyyə əhli Kərbəlaya gəlmiş və pak cəsədlərin dəfnində iştirak etmişdir. Bəni-Əsəd qəbiləsinin üzvləri cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar.
Böyük alimlərimiz İmam Huseynin (əleyhissəlam) dəfnini oğlu İmam Zeynul-abidin Əli ibn Huseyn (əleyhissəlam) tərəfindən icra edildiyini qeyd edirlər. Təbii ki, həmin vaxtda əsirlikdə olan İmam Səccadın (ə) bu işi qeybi yolla icra etdiyi bildirilir. Yəni İmam Zeynul-abidin (ə) digərləri onu görmədiyi halda əsirlikdən çıxmış və Kərbəlaya gedərək İmam Huseyni (ə) və onunla bərabər şəhid edilmişləri dəfn edib qayıtmışdır.

MM.AZ