Sabirabadda ailə qəzalı evdə yaşamağa məcburdur-VİDEO

Hadisə

Sabirabad rayonunun Həşimxanlı kənd sakini Alik Mirzəyev yaşadığı evin qəzalı vəziyyətdə olması ilə bağlı şikayət edir. Onun sözlərinə görə, ötən il baş vermiş zəlzələ nəticəsində ev ciddi zərər görüb və yararsız vəziyyətə düşüb.
Altı nəfərlik ailə – ata, ana və dörd uşaq təhlükəli şəraitdə yaşamağa məcburdur. 1962-ci ildə inşa olunmuş ev atasından miras qalıb. Evin sığortalanmaması səbəbindən ailəyə heç bir kompensasiya ödənilməyib. Sığorta olunması üçün kupça sənədi tələb edilsə də, onun əldə olunması 2000 manata qədər vəsait tələb edir. Ailənin isə bu məbləği ödəməyə imkanı yoxdur. Ailənin vəziyyətini daha da ağırlaşdıran məqam övladlarının səhhətidir. İki məktəbli uşaq epilepsiya xəstəliyindən əziyyət çəkir. Bir müddət pensiya alsalar da, hazırda bu ödəniş dayandırılıb. Ailənin gündəlik qazancı əsasən uşaqların müalicəsinə xərclənir. Bundan başqa, ailə başçısı Alik Mirzəyev də astma xəstəliyindən əziyyət çəkir. Vətəndaş bildirir ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib. Məsələ ilə bağlı kəndin ərazi nümayəndələri də məlumatlıdır.

YAQUB MEHDİ OĞLU