Bu gün Azərbaycanın Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, muğam ustadı Mənsum İbrahimovun 65 yaşı tamam olur.
Xalq Artisti Mənsum İbrahimov 1960-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuşdur. O, 1982–1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1985-ci ildən etibarən Xalq Artisti Şövkət Ələkbərovanın tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. Mənsum İbrahimov 1993-cü ildən bu teatrın səhnəsində “Leyli və Məcnun” operasında səhnəmizin Məcnunu kimi böyük ustalıqla Məcnun obrazını, həmçinin “Aşıq Qərib”də Qərib, “Gəlin qayası” operasında Camal, “Sevil” operasında Azançı obrazlarını canlandıraraq tamaşaçı rəğbətini qazanmışdır.
O, Azərbaycan muğam sənətini İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanada və digər ölkələrdə uğurla təmsil etmişdir.
Mənsum İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti”, 2005-ci ildə “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adlarına, 2010-cu ildə isə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Hazırda Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri olmaqla yanaşı, solisti olduğu “Qarabağ” qrupu ilə Azərbaycan muğamını və musiqisini dünyada təbliğ edən sənətkarlardandır. Onun rəhbərliyi ilə həyata keçirilən “Gəncləşən muğam” layihəsi kafedranın istedadlı müəllim və tələbələri ilə birgə ərsəyə gəlmiş, həm ölkə daxilində, həm də xaricdə böyük maraqla qarşılanmışdır. Bu layihə Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan Milli Konservatoriyası olaraq sevilən sənətkarımızla hər zaman fəxr etmişik.
Hörmətli Mənsum müəllim,
65 illik yubileyinizi dərin sevgi və sonsuz ehtiramla təbrik edirik!
Siz illərdir Azərbaycan muğam sənətinin zirvəsində dayanan böyük sənətkar, səsi ilə könüllərə yol tapan unudulmaz xanəndə, neçə-neçə gəncin sənət yoluna işıq tutan gözəl müəllim, hər zaman dəstəyini əsirgəməyən qayğıkeş rəhbər və örnək insansınız.
Sizin ifanızda səslənən hər bir muğam xalqımızın ruhundan gəlir. Siz yalnız muğam oxumursunuz – onu yaşadırsınız. Sizin səsinizdə doğma Ağdamın həsrəti də var, Azərbaycanın mədəni irsinin şərəfi də. Bu gün dünyanın dörd bir yanında Azərbaycan muğamı ilə tanış olan hər kəsin yaddaşında Sizin səsiniz yaşayır.
Siz muğamı səhnəyə daşımaqla kifayətlənmədiniz – onu auditoriyalara gətirdiniz, gənc ürəklərə sirayət etdirdiniz. Sizin tələbələriniz və yetişdirdiyiniz sənətkarlar bu gün Azərbaycanın müxtəlif səhnələrində muğamı yaşadır, milli irsimizi gələcəyə daşıyırlar. Bu, Sizin böyük müəllimlik məktəbinizin, zəhmətinizin və sevginizin nəticəsidir.
Rəhbəri olduğunuz kafedrada yaratdığınız səmimi və yaradıcı mühit gənclərə həm peşəkar, həm də insani olaraq örnəkdir. Hər bir tələbənizin uğuruna verdiyiniz dəstək, diqqət və qayğı danılmazdır.
Hörmətli Mənsum müəllim, Sizə uzun ömür, möhkəm cansağlığı və tükənməz sənət enerjisi arzu edirik. Sizin kimi sənətkarların varlığı bu xalq üçün böyük bəxşişdir. Qoy sənət yolunuz daim işıqlı, yolunuz uğurlu olsun!
Sizi Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi və kollektivi adından 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sənət yolunuz elə bir zirvədir ki, Sizə yalnız bu zirvənin davamını və daha da yüksəklərə ucalmağınızı arzu edirik.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ