Tapdığı avtomatla saxlanıldı: gizlədilən və satılan döyüş silahları aşkarlanıb

Hadisə
DİN əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursatın dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Xankəndidə nəzarət-buraxılış məntəqəsində Bərdə sakini Azər Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat və 30 patron aşkarlanıb. O, silahı geyimlər arasında gizlədərək keçirməyə cəhd edib.
Araşdırma zamanı məlum olub ki, odlu silah və sursatı o, qayınatası Nazim Həsənov və qaynı Murad Həsənovdan əldə edib. Polis həmin şəxslərin işlədikləri restorandan əlavə 1 avtomat, 2 tapança və 30 patron da aşkarlayıb.
Əməliyyatın davamı ilə silah satdığı şəxs – Qəbələ sakini Zaur Rəsulov da saxlanılıb. Onun evindən “CZ” markalı tapança və sursat, həmçinin A.Qəhrəmanovun evindən pnevmatik tapança aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
____
Qanunsuz odlu silah və sursatı könüllü təhvil verən şəxslər məsuliyyətdən azad edilir. DİN əməkdaşları işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin qorunması məqsədilə fasiləsiz xidmət aparır.

MM.AZ