30 milyonluq tenderi kim əldə edib hardan və necə?

Cəmiyyət

Dövlət satınalmalarının vahid internet portalına əsasən, Elm və Təhsil Nazirliyi 2019-cu ildən bəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə aid olan “Şərq-Qərb” nəşriyyat şirkəti ilə 30 milyon manatdan çox nəhəng tender müqavilələri bağlayıb.

Müqavilələrin satınalma predmeti 2019-2025-ci tədris ilinə aid dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çap edilməsinə aiddir.

Nəşriyyatın tərəfdaşları arasında “Heydər Əliyev Fondu”, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərsun Holdinq, Dövlət İmtahan Mərkəzi də mövcuddur.

Bu, Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırıldıqdan sonrakı dövrə təsadüf edir.Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcu var.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Şərq-Qərb” ASC 14.09.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvan adlandırırdılar.

Xətai rayonunda yerləşən ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC şirkətləri də yerləşir. Bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.

Bu barədə daha ətraflı Meydan TV-nin 2020-ci ildə dərc etdiyi “Ramiz Mehdiyevin Biznes Akademiyası” adlı geniş araşdırmada qeyd olunub.

Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarına görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna aiddir.

Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyatı Bakı şəhəri İstiqlaliyyət küç., ev 9, m. 31 ünvanı göstərilir ki, həmin ünvanda həm də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.

Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.

MM.AZ