17 oktyabr 2025-ci il tarixində Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Aqşin Quliyevin anım günü qeyd olunub.
Tədbir şəhidin doğulduğu kənddə keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, rayon ziyalıları və döyüş yoldaşları iştirak ediblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər Vətən müharibəsində göstərdiyi igidlik, döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələri barədə danışıblar. Onlar bildiriblər ki, Aqşin Quliyev kimi mərd oğulların sayəsində bu gün Azərbaycan Ordusu qalib orduya çevrilib. Tədbir çərçivəsində şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “Bir orduya bərabər qəhrəman” adlı kitab təqdim edilib. Kitabda Aqşin Quliyevin keçdiyi ömür yolu, Vətən uğrunda apardığı mübarizə və döyüş yoldaşlarının xatirələri əksini tapıb. Anım mərasiminin sonunda iştirakçılar şəhidin məzarı başına gələrək onun ruhuna dualar oxuyublar. Məzar üstünə qərənfillər düzülüb, ehsan süfrəsi açılıb. Şəhid Aqşin Quliyev – Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən, adını xalqın yaddaşına qızıl hərflərlə yazdıran igidlərimizdəndir. Qeyd edək ki, şəhid Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016 aprel döyüşlərində böyük şücaət göstərib. O, Hadrutun azad olunmasında böyük şücəat göstərib düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyətə gətirib silah-sursat anbarlarını partladıb bir neçə düşmən hərbçisini zərərsizləşdirib, 1 zabitini isə əsir götürüb. Mərd, əyilməz vətən oğlu Aqşin oktyabrın 16-da canından çox sevdiyi vətən torpağı uğrunda şəhid olub. Şəhidin nəşi ordu qüvvələrimizin bir neçə saat sonra həmin ərazini azad etməsindən sonra tapılıb. Noyabrın 17-də şəhidin cənazəsi 3 rəngli Azərbaycan bayrağına bükülərək doğulub böyüdüyü Sabirabad rayonunun Çiçəkli kəndinə gətirilib və böyük izdihamla dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Onun xatirəsi daim qəlblərdə yaşayacaq.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU