Bu gün Füzuli Şəhəri Günüdür

ölkə
 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunmuşdu, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk etməyə məcbur olmuşdu.
Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Erməni işğalçılarının Füzuli rayonunda törətdikləri dağıntılarla Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” saytında tanış ola bilərsiniz.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 17-də Füzuli şəhəri və rayonun yeddi kəndi (Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri) erməni işğalçılarından azad edildi.
Qeyd edək ki, Füzuli şəhəri həm tarixi, həm də strateji baxımdan Qarabağın mühüm qapılarından biridir. Məhz bu baxımdan onun azad olunması həm hərbi əməliyyatlarda həlledici dönüş yaratdı, həm də Böyük Qayıdış prosesinin təməlini qoydu.
Bu gün Füzuli beynəlxalq hava limanı, müasir avtomobil yolları, enerji və su infrastrukturunun qurulması ilə regionun inkişaf mərkəzinə çevrilir. Şəhərin yenidən qurulması Azərbaycanın gücünü, milli iradəsini və gələcəyə inamını nümayiş etdirir.

MM.AZ