Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın mütəxəssis, xarici işlər naziri olmuş Tahirə Tahirova (1913-1991). 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olub.
Türk, ingilis və rus dillərini bilirdi. 1959-1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri kimi fəaliyyət göstərib, paralel olaraq 1963–1968-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb. SSRİ-də müttəfiq respublikalarda xarici işlər nazirinin vəzifəsi adətən digər vəzifələrlə birlikdə icra olunurdu. Lakin Tahirə Tahirovanın səyləri nəticəsində Azərbaycan SSR bu sahədə ilk müstəqil vəzifəyə sahib olan müttəfiq respublika olub. 1980–1988-ci illərdə İran-İraq müharibəsində SSRİ-nin sülh üçün vasitəçilik edən nümayəndə heyətinin üzvü olub. Nazir olduğu dövrdə Azərbaycan diplomatlarının SSRİ səfirliklərində fəaliyyətinə və Diplomatik Akademiyada təhsil almalarına xüsusi diqqət yetirib. Sovet hökuməti və parlament nümayəndə heyətlərinin tərkibində BMT Baş Assambleyasının iclaslarında iştirak edib və Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqların qəbulunda fəal rol oynayıb. 1976-cı ildə diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Sabah Tahirə Tahirovanın anım günüdür.
MM.AZ
