Bəstəkar Asəf Zeynallının sabah anım günüdür.

Şou-biznes

Cəmi 23 il ömür sürsə də, milli romans, piano və simfonik musiqinin banisi kimi musiqi tarixinə düşən bəstəkar Asəf Zeynallının (1909-1932) sabah anım günüdür.
Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib. O, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, vəsiyyətini heç kim yerinə yetirmir. Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən dünyasını dəyişir.
MM.AZ