1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ölkəmizin qurucusu və memarı olan dahi liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Gənclər Evində davam edən tədbir Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilib, daha sonra Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən pambıq zavod emalı rəhbərləri və aidiyyəti şəxslər, fermerlər, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri nəticəsində bu sahədə yeni çağırışlara uyğun modern yanaşmalar formalaşıb, fermerlərin fəaliyyət imkanları genişlənib. Vurğulanıb ki, Beyləqan rayonu aqrar potensialı ilə seçilir və burada taxılçılıq, pambıqçılıq, heyvandarlıq və digər istiqamətlərdə məhsuldarlıq ilbəil artır.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək kənd təsərrüfatı sahəsində görülən işlərin dövlət siyasətində prioritet istiqamət olduğunu qeyd edib, bu sahədə çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, aqrar sahədə görülən işlərin müsbət nəticələri, fermerlər üçün yaradılan imkanlar və kənd təsərrüfatının inkişaf perspektivləri barədə danışıb.
Beyləqan DAİM-in direktoru Xaliq Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digərləri çıxış edərək dövlətin kənd təsərrüfatına verdiyi dəstək, tətbiq olunan subsidiya mexanizmləri və fermerlərə göstərilən xidmətlər barədə danışıblar. Qeyd olunub ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına və resurslara qənaətə imkan yaradır.
Sonda 1 noyabr-“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə bir qrup şəxsə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.





MUASİRMEDİA.AZ
