“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb

ölkə
Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son dalğa” adlı sərgilər açılıb.
 “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.
“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.
Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev AZƏRTAC-a açıqlamasında öz əl işi barədə məlumat verib. “Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10 gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib”,- deyə Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə biləcəyinin şahidi oldum”.

MUASİRMEDİA.AZ