25 dekabr 2025-ci il tarixində “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə-115” adlı tədbir keçirilib.
Görkəmli pedaqoq, Əməkdar müəllim Səidə İmanzadənin anadan olmasının 115 illiyinə həsr olunan tədbirin məqsədi onun pedaqoji irsinin təbliği, eləcə də gənc qızların təhsilinin dəstəklənməsi, maarifçilik ənənələrinin təşviqidir.
Öncə Bakı–Qrozni marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev, Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa diqqət çəkib, “Qızların Təhsilinə Dəstək” layihəsinin əhəmiyyətinə toxunub. Bu təşəbbüsün illər keçdikcə bəhrəsinin daha aydın hiss olunacağını bildirib.
E.Babayev, Səidə İmanzadənin Azərbaycan təhsil tarixində önəmli yer tutduğunu, siyasi və mədəni həyatda mühüm rol oynadığını və fəaliyyətinin bu gün də aktual olduğunu vurğulayıb. Rektor S.İmanzadənin BDU-nun nüfuzlu müəllimlərindən biri kimi bu gün də xoş xatirələrlə yad edildiyini, elmi və maarifçilik fəaliyyətinin, xüsusilə də gənclər üçün dəyərli nümunə olduğunu qeyd edib.
Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan cəmiyyətinin intellektual və mənəvi inkişaf tarixində qadınların xüsusi yeri olduğunu vurğulayıb, qadınların təhsili və tərəqqisi, cəmiyyətdə rolunun dəyişməsi, siyasi proseslərə qatılması üçün çalışan maarifçi qadınları xatırlayıb.
Hənifə Məlikova-Zərdabi kimi qadınların irsinin bu gün də aktuallığını qoruduğunu qeyd edən Komitə sədri, bu ideyaların hazırda dövlət siyasəti və konkret layihələr vasitəsilə davam etdirildiyini deyib. Qızların təhsilinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını bildirən sədr, artıq beş ildir həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsi haqqında danışıb. Layihənin regionlarda yaşayan, sosial baxımdan həssas ailələrdən olan qızların ali təhsilə çıxış imkanlarını genişləndirərək, qadın təhsilinin cəmiyyətin inkişafında həlledici rolunu dəstəklədiyini bildirib. BDU-nu elm və təhsil məbədi adlandıran B.Muradova, həm də layihənin ən fəal tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.
Görüşün təyyarə qəzasının ildönümünə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edən sədr, Milli Qəhrəman Hökumə Əliyevanın timsalında fədakarlığın qadınlara xas yüksək mənəvi keyfiyyət olduğunu vurğulayıb.
Maarifçi qadınların mirasını dəyərlər sistemi kimi qiymətləndirən sədr, S.İmanzadənin pedaqoq, alim və ictimai xadim kimi fəaliyyətinin maarifçi qadınların ümumi irsinin parlaq təcəssümü olduğunu deyib. Bu irsin qorunmasının və gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.B.Muradova bu gün layihə iştirakçılarının maarifçi qadınların ideya davamçıları kimi əldə etdikləri bilik və imkanları cəmiyyətin inkişafına yönəltməli olduqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan qadınının tarixən ağlı, zəkası, fədakarlığı və vətənpərvərliyi ilə seçildiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətin inkişafında rolunun gücləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Hicran Hüseynova S.İmanzadənin, qızların və qadınların təhsili naminə böyük səylər göstərdiyini bildirib, onun elmi fəaliyyətindən və qadın hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib.
Səidə İmanzadənin tələbələri olmuş Milli Məclisin deputatı Anar İsgəndərov və tarix elmləri doktoru, professor İradə Hüseynova onun nümunəvi pedaqoq, müəllim kimi müsbət keyfiyyətlərindən, yetirdiyi nəslin cəmiyyətə verdiyi töhfələrdən bəhs ediblər. Çıxışlarda S.İmanzadənin Azərbaycan maarifçiliyində və elm tarixində mühüm rolu vurğulanıb, zəngin elmi-pedaqoji fəaliyyəti, mənalı ömür yolu, milli təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, şəxsiyyətinin bu gün də gənclər və elm adamları üçün nümunə olduğu qeyd edilib.
S.İmanzadəyə həsr olunmuş “Nura boyanmış ömür” kitabının müəllifi, yazıçı-jurnalist Xeyrulla Ağayev gənclərə, elm adamlarına nümunə olan bu mənalı ömür yolundan, onun elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirib ki, S. İmanzadə BDU-nun tarix fakültəsinin dekanı olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev bu fakültədə təhsil almış, onun sevimli tələbəsi olmuşdur. O, S. İmanzadəni xalqın taleyində müstəsna rol oynamış, qadınların azadlığı, tərəqqisi uğrunda fəadakarlıq göstərmiş ziyalı adlandırıb.
Sonda çıxış edən Mübariz İmanzadə anası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Müzakirələr zamanı çıxış edən alim və ziyalılar S.İmanzadənin gənc nəslin formalaşmasında, xüsusilə qadınların təhsil və ictimai fəallığının artırılmasında göstərdiyi xidmətləri vurğulayıblar.
Müzakirələr zamanı çıxış edən alim və ziyalılar S.İmanzadənin gənc nəslin formalaşmasında, xüsusilə qadınların təhsil və ictimai fəallığının artırılmasında göstərdiyi xidmətləri vurğulayıblar.
MUASİRMEDİA.AZ
