Masallı RİH-nin dayanmadan əhaliyə etdiyi xidmət-VİDEO

video
Masallı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində növbəti əlamətdar addım atılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Şəhid Musa Mustafayevin adını daşıyan küçənin asfaltlanması ilə bağlı görülən işlər zamanı bildirib ki, bu abadlıq tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə şəhidin valideynlərinə və ailəsinə mənəvi dəyəri yüksək olan bir hədiyyədir.
Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Şəhid Musa Mustafayevin adını daşıyan küçənin asfaltlanması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda şəhid ailələrinə olan dərin hörmətin, ehtiramın ifadəsidir. Bu işlərin məhz ölkə başçısının doğum günündə həyata keçirilməsi isə xüsusi rəmzi məna daşıyır,” – deyə Araz Əhmədov vurğulayıb.
Aparılan asfaltlama işləri çərçivəsində küçədə yolun əsaslı şəkildə yenilənməsi, hərəkət rahatlığının və təhlükəsizliyinin təmin olunması nəzərdə tutulub. Layihə sakinlərin gündəlik yaşayış şəraitinin yaxşılaşdırılmasına, nəqliyyatın rahat hərəkətinə və ərazinin ümumi görünüşünün müasirləşdirilməsinə xidmət edir.
Şəhid Musa Mustafayevin valideynləri və yaxınları göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, övladlarının adının yaşadılması, adını daşıyan küçənin abadlaşdırılması onların qürur və təsəlli mənbəyidir.
Masallı rayonunda şəhidlərin adını daşıyan küçə və obyektlərin abadlaşdırılması istiqamətində görülən bu cür işlər bundan sonra da davam etdiriləcək. Bu təşəbbüslər həm şəhidlərimizin əziz xatirəsinin uca tutulmasına, həm də rayonun sosial-infrastruktur inkişafına mühüm töhfə verir.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN