Banqladeş Millətçi Partiyası (BNP) tərəfindən partiyanın rəsmi Facebook səhifəsində açıqlanıb.
Partiyanın bəyanatında bildirilib ki, Xalidə Ziya səhər saat 06:00 radələrində, sübh namazından dərhal sonra dünyasını dəyişib. BNP rəhbərliyi mərhumun ruhu üçün dualar edildiyini qeyd edərək, ictimaiyyəti də onun xatirəsini anmağa çağırıb.
Xalidə Ziya Banqladeşə iki dəfə baş nazir kimi rəhbərlik edib — 1991–1996 və 2001–2006-cı illərdə. O, ölkənin siyasi tarixində mühüm rol oynayan fiqurlardan biri hesab olunur və Banqladeşdə ilk qadın hökumət başçısı kimi tarixə düşüb.
Məlumata görə, siyasətçi son illərdə ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi. Noyabrın 23-də paytaxt Dakadakı xəstəxanalardan birinə yerləşdirilən Xalidə Ziyanın müalicəsi bir aydan çox davam edib. The Hindustan Times nəşri onun qaraciyər sirrozu, artrit, diabet, eləcə də ürək və sinə problemləri olduğunu yazıb.
Qeyd edək ki, Xalidə Ziya 2018-ci ildə yetimlər üçün ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə təqsirli bilinmişdi. Lakin səhhətindəki ciddi problemlər səbəbilə cəzası 2020-ci ildə təxirə salınıb, 2025-ci ilin yanvarında isə tamamilə ləğv edilib.
Xalidə Ziyanın vəfatı Banqladeşdə və beynəlxalq aləmdə siyasi ictimaiyyət tərəfindən dərin kədər hissi ilə qarşılanıb.

MUASİRMEDİA.AZ
