Ekol TV-də çirkli pulların yuyulması ilə bağlı araşdırma aparılır. İstintaq materiallarında bu televiziyaların təsisçisi Mübariz Mənsimov, İdarə Heyətinin sədri Əmrah Doğru, Ekol TV İdarə Heyətinin üzvü, keçmiş Jandarma komandiri Arif Çətin və Veysəl Şahinin, həmçinin kanalı təsis etmiş vəkil Ersan Şənin də olduğu 12 nəfərin adı var.
Küçükçəkməcə prokurorluğu tərəfindən artıq yayımını dayandırmış Ekol TV-yə qarşı “çirkli pulların yuyulması” iddiaları ilə bağlı başladılan genişmiqyaslı istintaq artıq İstanbul prokurorluğuna təhvil verilib. İstintaq Ekol TV-nin maliyyə mənbələri, mülkiyyət strukturu və maliyyə əməliyyatları daxilində şübhəli pul köçürmələrini araşdırır.
Prokurorluğun işin bir hissəsi olaraq Maliyyə Cinayətlərinin Təhqiqi Şurasından (MASAK) hərtərəfli maliyyə təhlili hesabatı tələb etdiyi bildirilib. Bu hesabatda Ekol TV-nin kapital strukturu, pul axını və maliyyə münasibətləri ilə bağlı vacib tapıntıların olması gözlənilir.
İstintaqın “çirkli pulların yuyulması” və “maliyyə pozuntuları” iddiaları çərçivəsində aparıldığı və işin gedişatının MASAK-dan (Maliyyə Cinayətlərinin Təhqiqi Şurası) alınacaq hesabata əsasən daha aydın olacağı bildirilir.
Ekol TV 2024-cü ildə professor Dr. Ersan Şən tərəfindən yaradılıb. Lakin Şən kanal yayıma başlamazdan əvvəl rəhbərliyi tərk edib. Bu televiziya daha sonra azərbaycanlı iş adamı Mübariz Mənsimov tərəfindən satın alınıb. 2025-ci il dekabrın 22-də fəaliyyəti dayanıb.

MM.AZ
