Ulu Öndərimiz Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olumuşdur. Gənclər Gününün təsis olunması Ulu Öndərimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.
GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ GƏNC BACI VƏ QARDAŞLARIMI ÜRƏKDƏN TƏBRİK EDİRƏM. ONLARA XOŞBƏXT BU GÜN VƏ XOŞBƏXT GƏLƏCƏK ARZU EDİRƏM!
VƏTƏNİMLƏ FƏXR EDİRƏM!
SEVİNDİK NƏSİBOĞLU
(Əliyev Sevindik Nəsib oğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşdur. Xocavənd rayonu Muğanlı kənd sakinidir.
Onun şeirləri hələ 2015-ci ildən müxtəlif qəzet və jurnallarda dərc olunmuş, milli
radio və televiziyanın, eləcə də digər televiziya kanallarının efirində yayımlanan verilişlərdə dəfələrlə səsləndirilmişdir. Sevindik ictimai fəallığına görə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad”(2017), “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar”və “İlin şagirdi”, eləcə də “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına layiq görülmüşdür.
Kitabları:
1.“Dünyamsan Azərbaycan” -Bakı,”Ozan”, 2018,-48 səh.
istedadlı şair Sevindik Nəsiboğlunun ilk şeirlər kitabıdır. Burada gənc şairin
Azərbaycana, onun əsrarəngiz təbiətinə, dağlarına, bölgələrinə, Qarabağ ağrılarına həsr etdiyi şeirləri toplanmışdır. Hər beytdə, hər misrada Sevindiyin sevgisini, həssas, səmimi
duyğusunu, ürək çırpıntılarını eşitmək mümkündür.
2.”Hərdən uçmaq istəyirəm”- Bakı, Mütərcim,2018.-228səh.
Kitabda yer almış 200-dən çox şeirin əsas mövzusu vətən, torpaq həsrəti, işğal
olunmuş ərazilərimiz, vətənin müstəqilliyi və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş vətən oğulları və qızları, istiqlal, müstəqillik yolunda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz və yazıçılarımız təşkil etmişdir.
3.”Ulu Naxçıvanım”- “3 saylı Bakı Mətbəəsi” ASC, 2020. – 240 səh.
Məktəbli şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Naxçıvanım kitabına vətənimizin Naxçıvan diyarına həsr olunmuş səfər təəssüratları, bu qədim məkanın tarixi yerləri və görkəmli şəxsiyyətləri haqqında araşdırmaları daxil edilmişdir.
4.” Könüllərə yol gəzirəm” (şeirlər-poemalar).”3 saylı Bakı Mətbəəsi” ASC. Bakı- 2020, 320 səh.
Kitabda yer almış şeirlərində vətən tarixindən qaynaqlanma, xalqımızın qəhrəmanlıq keçmişindən təsirlənmə daha güclüdür. Onun süjetli şeirləri epik-lirik növə xüsusilə meyilli olduğunu göstərir.Yaradıcılığında Vətən sevgisi və milli qürur hissləri qabarıq duyulur.
5.“Möhtəşəm Zəfərin nişanəsi”- “Bakı Mətbəəsi” ASC. Bakı-2021, 708 səh.
“Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət,
44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, kədər içərisində qürur və sevinclə qələmə alınmış, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, məqalə-şeirlər, şeirlər, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, anım tədbirlərində çıxışlar, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir. Ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 Vikipediya səhifəsi yer almışdır.Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensklopedik toplu kimi də qəbul etmək olar.
6.“Zəfəri nurlandıran Nurlan” “Bakı Mətbəəsi” ASC. Bakı-2023, 140 səh.
Kitab Vətən müharibəsi şəhidi, şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun əziz xatirəsinə həsr olunmuşdur.
7.“Ulu Öndərin işığında” “Bakı Mətbəəsi” ASC. Bakı-2023, 204 səh. Kitab Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.
8. “SUVERENLİYİMİZİ TƏMİN EDƏNLƏR” (publisistik xronika) Bakı – 2024, “Gənclik” nəşriyyatı, 396 səh.
Kitablarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Azərbaycan Milli
Kitabxanasında,Naxçıvan Dövlət Universitetində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Musiqili Dram Teatrında, Xocavənd rayon Mədəniyyət Evində və başqa dövlət qurumlarında təqdimat keçirilmişdir.
Müəllifi olduğu kitabların pdf və onlayn oxuma variantı Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda yer almışdır.
Sevindik Nəsiboğlunun redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olduğu “Kredo” qəzetində çoxsaylı məqalələri, araşdırmaları və şeirləri mütəmadi dərc olunmuş, “Afia.az”, “Xebertime.az”, “Versus.az” və digər xəbər saytları vasitəsi ilə yayımlanmışdır. Vətən müharibəsi başlanan günün ilk anlarından Sevindik qələmini mənfur düşmənin sinəsinə sancılan süngüyə çevirərək Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad edilmiş torpaqlarımıza, qəhrəman əsgər və zabitlərimizə şeirlər və publisistik yazılar həsr etmişdir. Onun günbəgün yaxınlaşdığımız müqəddəs Zəfərimizə həsr etdiyi “Zəfərin nişanəsi” adlı şeiri Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ədəbiyyat müsabiqəsinin qalibi olmaqla Nazirliyin Fəxri Fərmanına layiq görülmüşdür. Elə bu mövzuda qələmə aldığı sayca 9-cu kitabı olacaq “Dirçələn Xarıbülbül” adlı kitabının materialları isə tam hazırdır və nəşr olunmasını gözləyir.
“Milli Mənəvi Dəyərlərin Qorunması” İB-in, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in və “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Fəxri üzvüdür. 2019-cu ildən “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiridir, həmçinin “Xebertime.az” saytının ictimai müxbiridir.
Ədəbi-bədii yazıları “Kredo” qəzetində ardıcıl dərc olunur. 2021-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin , 2025-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Regional nümayəndəliyinin Xocavənd rayonu üzrə nümayəndəsi seçilmiş və bir il fəaliyyət göstərmişdir.
2025-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək Milli Aviasiya Akademiyasının “İqdisadiyyat və hüquq” fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Zəfərimizin 5 illiyinə həsr etdiyi IV Vəkil Bədii Yaradıcılıq Müsabiqəsinin 3-cü yerinin qalibi olmuş və Sertifikatla təltif olunmuşdur.
MUASİRMEDİA.AZ
Sevindik Nəsiboğlu
