Şeytan çalışar ki, insanda ümidsizlik və çarəsizlik hissi yaratsın

DIN
Şeytan həmişə çalışar ki, insanda ümidsizlik və çarəsizlik hissi yaratmaqla onu öz iradəsi altına alsın. Çünki ümidsiz və çarəsiz insan Şeytanın təkcə yemi və sevinci yox, həm də ən iti silahı, toxumudur.
Elə Şeytanın ən çox qorxduğu, çəkindiyi də ümidini, inamını itirməyən, ən çətin şəraitdə belə mənəvi dəyanətini və dayanıqlılığını qoruyub saxlayan, yolunu azmayan, bütün iradələrdən üstün bir İradənin – həqiqi güc və qüdrət sahibi olan Allahın varlığına inanan və yalnız Ona sığınıb-söykənən İnsandır!
Əziz dostlar, millətimizin və ümmətimizin həmişə böyük sevinc hissiylə qeyd etdiyi və çox nadir tarixlərdə üst-üstə düşən iki bayramı – Novruzu və Ramazanı qarşılama ərəfəsindəyik!
Hər iki bayram da, mahiyyət etibarilə, yeni başlanğıca səhifə açan, insanı sevindirən, ona ümid və inam aşılayan, Allahın varlığını, söylədiklərini və istəklərini hər halıyla xatırladan bayramdır, bir növ, kütləvi ayindir!
O şey ki, Allahı xatırladar, deməli, Şeytanın özünü məyus edər!
Baxın: Novruz bayramının mahiyyətində həyatın dövriliyi və davamlılığı – təbiətin oyanışı, yenidən dirilmə, canlanma, varolma durur; Ramazan isə o təbiətin bir parçası və yaradılmışların əşrəflisi olan İnsana mənəvi kamilliyə yüksəlmənin aydın yolunu göstərir, ona ən böyük düşməninin nəfsi olduğunu xatırladır və nəfsiylə mübarizənin də üsullarını öyrədir!
Nəfsi yenmək isə Şeytanı məğlub etmək deməkdir!
Hər iki bayramımızın çox ortaq bir xüsusiyyəti var: xeyirxahlığı, mərhəməti, ədaləti, dürüstlüyü, dünya malına həris olmamağı, başqalarını düşünməyi və başqalarıyla paylaşmağı bacarmağı, başqalarına kin və nifrət bəsləməməyi, darda qalana kömək göstərməyi təşviq etmək, aşılamaq!
Məgər, İslamın əsas məqsədi də elə bu cür insanların çoxluq təşkil etdiyi cəmiyyət yetişdirmək deyilmi?!
Hədislərdə nəql olunur ki, bir gün İslamın ən böyük şəxsiyyətlərindən olan Həzrəti Əliyə (ə.) bir nəfər yaxınlaşıb hədiyyə vermək istəyir. İmamımız səbəbini soruşduqda, o adam “Novruz bayramıdır” cavabını verir. Həzrəti Əli (ə.) isə xoş təbəssümlə hədiyyəni götürür və deyir: “Hər gününüzü Novruz edin”.
İndi, xüsusilə də Şeytanın xidmətçilərinin coğrafiyamızı qan gölünə çevirərək, körpələrimizi və orucağız insanlarımızı qətlə yetirməklə ümmətimizi qorxutmağa və ümidsizləşdirməyə, onu məyus əhvala kökləməyə çalışdığı bir vaxtda hər gününüzü Novruz edin, dostlar: ümmətimizə dualarınızı daha çox edin, bir-birinizə daha çox dəstək verin, bir-birinizi daha çox sevin və qoruyun, bir-birinizlə daha çox yardımlaşın, paylaşın ki, qorxaqqəlbli düşmən sarsılmaz iradəniz qarşısında diz çöksün!
Əmin olun: Şeytanın özünü hər Ramazanda məğlub etdiyimiz kimi, Şeytanın xidmətçilərini də bir gün mütləq məğlub edəcəyik!
Ramazanlı novruzunuz, novruzlu ramazanınız mübarək, ümmətimizin və millətimizin həmişə diri igidlərinə isə salam olsun!
MASİRMEDİA.AZ
ELXAN ŞÜKÜRLÜ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir