Salyan Tarix-Diyarşünaslıq Muzeyində Aprel şəhidi, baş leytenant Rəşid Mehdiyevin anım gününün 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, hərbi qulluqçular, qazilər, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbir iştirakçıları Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rəşad Kərimov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Hüseynova,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Arif Əsgərov,”Ana Kürüm” qəzetinin baş redaktoru Rüstəm Məlikov,” Qərbi Azərbaycan” icmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, şəhidin sinif rəhbəri Nazeh Ağabəyli və Aprel döyüşləri iştirakçısı,qazi Zamiq Əsgərov çıxış edərək baş leytenant Rəşid Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Vətənə olan sonsuz sədaqətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Rəşid Mehdiyev kimi igid oğulların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaqdır. Qeyd olunub ki, şəhidlərimizin qanı bahasına qazanılan qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və bu zəfərin qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Sonda tədbir iştirakçıları muzeydə təşkil olunmuş, şəhid Rəşid Mehdiyevin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şəhidin gündəlik istifadə etdiyi əşyalar, fotoları, sənədləri və onun həyat yolunu əks etdirən digər materiallar nümayiş olunub.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
