2 İyul Azərbaycan Polisi Günü dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan, xalqın təhlükəsizliyini təmin edən, qanunun aliliyini qoruyan bütün polis əməkdaşlarının peşə bayramıdır. Bu əlamətdar gündə Azərbaycan polisinin şərəfli tarixini yazan igidlərimizi, xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovu sonsuz ehtiram və minnətdarlıqla yad edirik.
Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Uşaqlıq illərindən Vətənə, xalqa və dövlətə bağlılığı ilə seçilən Qorxmaz Eyvazov sonralar polis orqanlarında xidmət edərək öz peşəsinə böyük məsuliyyət və sədaqətlə yanaşmışdır. O, xidmət etdiyi bütün dövrlərdə dürüstlüyü, cəsarəti, yüksək peşəkarlığı və insanlara qayğıkeş münasibəti ilə həm rəhbərliyin, həm də həmkarlarının dərin hörmətini qazanmışdır.
Birinci Qarabağ müharibəsi başlayanda Qorxmaz Eyvazov Vətənin müdafiəsini özünün müqəddəs borcu hesab edərək döyüşlərdə iştirak etmişdir. O, Cəbrayıl rayonu istiqamətində gedən ağır döyüşlərdə misilsiz igidlik göstərmiş, silahdaşlarına nümunə olmuşdur. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq ən uca zirvəyə yüksəlmişdir.
Azərbaycan xalqı qəhrəman oğlunun fədakarlığını heç vaxt unutmadı.
Göstərdiyi igidliyə və Vətən qarşısındakı misilsiz xidmətlərinə görə Qorxmaz Eyvazov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü. Onun şərəfli ömür yolu və qəhrəmanlığı bu gün də Azərbaycan polisinin gənc əməkdaşları üçün əsl vətənpərvərlik məktəbidir.
Bu gün Qorxmaz Eyvazovun adı Azərbaycan tarixində qəhrəmanlıq, cəsarət və Vətən sevgisinin rəmzi kimi yaşayır. Onun müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillərə örnək olacaq. Şəhidlərimizin qanı ilə qorunan bu müqəddəs torpaqlar onların əbədi qəhrəmanlıq dastanıdır.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar, möhkəm can sağlığı, Vətənimizə və xalqımıza daim ləyaqətlə xidmət etməyi arzulayırıq.
Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
