İslam dünyasına liderlik iddiasında olan 6 ölkədən 3-nün – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının məhz Məkkədə ortaq hərbi əməkdaşlığı nəzərdə tutan “Məkkə sazişi”ni imzalamasını gələcəkdə müsəlman həmrəyliyinə nail olunması istiqamətində atılmış ciddi addımlardan biri kimi qiymətləndirmək və təqdir etmək gərəkdir.
Bu sazişi dərhal “İrana qarşı sünni ölkələrin ittifaqının qurulması” kimi təbliğ etmək kökündən yanlışdır, hədəfin yayındırılmasıdır və yalnız regionda ənənəvi məzhəb qarşıdurmasını yaratmaq istəyən İsrailin, ABŞ-ın işinə yarayar.
Reallıqda isə “Məkkə sazişi”, ilk növbədə, İslamdakı 4 sünni məzhəbindən ikisinin – hənəfi və hənbəli fiqhinin önəmli təmsilçilərinin arasında əldə edilmiş ilkin razılaşmadır. Sənədin məhz Məkkədə imzalanması və qılınan birgə namaz da dünyaya verilən birgəlik mesajıdır.
Bilməyələrin nəzərinə çatdıraq ki, Türkiyə və Pakistan İslamın hənəfi, Səudiyyə Ərəbistanı isə hənbəli fiqhinə əsaslanır.
Gələcək gedişatdan asılı olaraq, “Məkkə sazişi”nə digər məzhəb təmsilçilərinin – həm şafeyi və maliki, həm də cəfəri fiqhinə əsaslanan ölkələrin qoşulması da gözləniləndir.
Bu isə, əslində, ABŞ və İsrailin həmmüəllifliyi ilə 2020-ci ilin avqustundan başlanılan “İbrahimoğulları layihəsi”nin baş tutmaması, rəhmətlik Nəcməddin Ərbakanın ideyası olan “D-8” əsasında müsəlman ölkələrin hərbi ittifaqının qurulması arzusunun gerçəkləşməsi istiqamətində atılmış növbəti addım deməkdir.
Qiymətləndirmə apararkən, o fakta da mütləq diqqət yetirmək gərəkdir ki, ABŞ-İsrail tandeminin İrana qarşı əməliyyatlarının uğursuz olmasının əsas səbəblərindən biri məhz sünni-şiə həmrəyliyi – Türkiyə, Pakistan və Azərbaycanın bu əməliyyatlara qoşulmaması, üstəlik, İranı açıq şəkildə dəstəkləmələri oldu.
Hətta Pakistanda keçirilən ABŞ-İran danışıqları zamanı nümayişkaranə şəkildə sünni və şiə icmalarının vəhdət namazı da qılındı.
Şübhəsiz ki, yeni qurulan “Məkkə ittifaqı” üçün ən mühüm sınaq bu ölkələrin tezliklə Suriyada, Yəməndə və Fələstində necə davranacaqları olacaq.
Əgər bu ittifaq qısa müddət ərzində öz qüvvələrini birləşdirib İsrail işğalını dayandırmağı bacarsa, çox güman ki, İran və Misir, gələcəkdə isə Azərbaycan və İndoneziya da “Məkkə sazişi”nə qoşulacaq.
Yox, İsrailə qarşı gərəkli və təsirli addımlar atılmayacaqsa, bu, bütövlükdə sünni dünyasının imicinə böyük zərbə vurmaqla, daxili təlatümləri körükləyəcək, İranın Yaxın Şərqdəki mövqeyini xeyli gücləndirəcək və həqiqi islam təəssübkeşlərinin onun ətrafında təmərküzləşməsi prosesini sürətləndirəcək.
Allah doğru yolda və niyyətdə olanlara kömək olsun!
MUASİRMEDİA.AZ
