Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub.
Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər.
Hadisə zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdlü Z.Əliyevanın anası Jalə Əliyevanın bildirdiyinə görə qızının görmə qabiliyyəti 60 faiz itib:
“Hazırda qızımın görmə qabiliyyəti 40 faizə düşüb. Hadisə isə kimya dərsində, məktəbin lobaratoriyasında səhlənkarlıqdan baş verib. Kimya müəllimi Sumayə Rəhimova 8-ci sinif şagirdlərinə təcrübə keçmək istəyib. Əslində təcrübə zamanı şagirdlər və müəllim kimyəvi məhluldan qorunmaq üçün qoruyucu eynəklərdən istifadə etməlidirlər. Amma nə müəllimdə, nə də şagirdlərdə qoruyucu eynək və digər təhlükəsizlik avadanlığı olmayıb.
Məhlulla dolu təcrübə qabı isə Sumayə Rəhimovanın köməkçisi Mahirə xanımın əlində olub. O, təcrübə zamanı ehtiyatsız davranıb və nəticədə əlindəki qabda olan məhlul partanın üstünə dağılıb. Hadisə nəticəsində qızım və əlavə 5 şagird xəsarət alıblar”.
Xəsarət alan digər şagird, 2013-cü il təvəllüdlü S.Rəhmətovanın valideyni Aygün Mehdiyeva isə bildirib ki, hadisə zamanı qızı qorxub və huşunu itirib:
“Mənə zəng vurdular ki, qızının ürəyi gedib. Uşaq qorxudan və məhlulun təsirindən epilepsiya keçirib, xəstəxanaya aparılıb. Orada bir neçə iynə və sistem vurulduqdan sonra özünə gəldi, hazırda da vəziyyəti yaxşı deyil. Mənə məktəbdə deyirlər ki, uşağınız şou göstərir. Hadisə ilə bağlı məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, məktəbin direktoru həkimi məktəbə buraxmayıb, geri qaytarıb. Sonradan mənim qızım və Z.Əliyeva xəstəxanaya aparılıblar. Digər şagirdlər isə ev şəraitində müalicə olunurlar ki, xəstəxanaya qeydiyyata düşməsinlər. Hadisə zamanı daha bir uşağın gözünə məhlul düşüb, bir nəfərin isə qarın nahiyəsini məhlul yandırıb. Bundan başqa daha iki nəfərin də xəsarət aldığı deyilir”.
MM.az
