Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinin dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi rayonun icra hakimiyyəti başçısı komissiyanın üzvləri siyahısına daxil edilib. Bunlar Ağstafa, Balakən, Qax, Qazax, Samux, Tovuz və Zaqatala rayonlarının icra hakimiyyəti başçılarıdır.
Yenilənmiş tərkibdə xarici işlər nazirinin müavini komissiyanın sədri, Dövlət Sərhəd Xidməti rəisinin müavini isə sədr müavini kimi göstərilib. Komissiyada həmçinin ekologiya və təbii sərvətlər, daxili işlər, dövlət təhlükəsizliyi, su ehtiyatları, müdafiə və ədliyyə sahələrini təmsil edən vəzifəli şəxslər iştirak edirlər.
Əmlak Məsələləri Dövlət Xidmətinin və Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri də komissiyanın tərkibində yer alırlar.
Dövlət sərhədinin delimitasiyası sərhəd xəttinin hüquqi və sənədli əsaslarla müəyyənləşdirilməsi, demarkasiyası isə həmin xəttin ərazidə müvafiq nişanlarla işarələnməsi prosesidir.
Sərhədyanı rayonların icra hakimiyyəti başçılarının komissiyada təmsil olunması yerli ərazilərlə bağlı məsələlərin müzakirəsində onların iştirakını təmin edir.
Qeyd edək ki, sərəncam rayon icra başçılarının vəzifədən azad edilməsi və ya yeni vəzifəyə təyin olunması barədə deyil. Söhbət Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinin yenilənməsindən gedir
MM.AZ
