Bu gün Adil İsmayılovun doğum günüdür Ruhu şad olsun!-FOTO

ƏDƏBİYYAT
Dostlarımızdan birinin görüş-müzakirəyə çağırdığı Pirşağıdakı bağdan biz Adil İsmayılovla eyni vaxtda çıxdıq. Məlum oldu ki, ikimiz də eyni istiqamətə gedirik. Mən Nardarana-bağa, o isə Mərdəkana tərəf. Mən deyəndə ki, yolüstü İlyas İsmayılova dəyəcəm, günortadan danışmışam, Adil müəllimin gözləri güldü, “nə gözəl iş oldu, gedərik, elə mən də İlyas müəllimi görərəm” dedi.
Uzun illər idi bağda yaşayan İlyas müəllimlə ayaqüstü görüş çox uzandı. Çay süfrəsi arxasında söz-sözü çəkirdi. Əvvəl mediadan, TV-dən danışdıq, sonra cəmiyyətdəki ümumi mənəvi ovqatdan, problemlərdən söz düşdü. Daha sonra iki nüfuzlu hüquq adamının öz sahələri barədə bir qədər açıq söhbətləri başladı. Bu iki dürüst və dərin adamın həmin gecəki söhbəti mənə ölkəmizdəki son 15-20 ilin hüquq sisteminin dəqiq və acı mənzərəsini şəkil kimi göstərdi…
Əslində mən Adil İsmayılova heç vaxt adi vəkil kimi baxmırdım. Elə də deyildi. Yazıları, çıxışları, fəaliyyət miqyası fərqli idi. Şəxsi münasibətimiz yaranandan (mənim məşhur məhkəmə əhvalatımda dostumuz İbrahim Nəbioğlunun vasitəsi ilə mənim məsləhətçilərimdən biri olmuşdu) sonra isə onun düşüncə və təfəkkür tərzini, hadisələrə, problemlərə və insanlara yanaşma tərzini çox bəyənirdim. Adil müəllim, ağıllı, bilikli, müdrik və kreativ adam idi. Onu peşəkar fəaliyyəti ilə cəmiyyətimizi irəli aparacaq qənimət adamlardan biri sayırdım.. Heyf ki, böyük mübarizə adamı olan Adil müəllim Covid zolağından keçə bilmədi..
Amma təsəllimiz odur ki, Adil müəllimin vaxtilə yazdıqları, qələmindən çıxan fikir və düşüncələri vəfatından sonra 4 cildlik kitaba hopdurulub. Və nə gözəl ki kitab kimi vacib, savab və məsul bir işə professor Solmaz xanım Tohidi rəhbərlik edib…
Bu gün Adil İsmayılovun doğum günüdür… Dəyərli insanı və unudulmaz dostumuzu sevgi ilə yad edirik.. Ruhu şad olsun!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir