38 il keçir o tarixdən… Bəli, nə az, nə çox — düz 38 il bundan öncə, 1988-ci ildə Sovet Rusiyasının himayə etdiyi və etnik dayaq göstərdiyi Ermənistan Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağ üzərində ərazi iddialarına başladı.
Min illər boyu “dənizdən-dənizə Ermənistan yaratmaq” xülyası ilə yaşayan erməni millətçiləri bu dəfə də Qarabağda misli görünməmiş qırğınlar törətməyi, soydaşlarımızı öz doğma yurdlarından qovmağı qarşılarına məqsəd qoymuşdular. Onların dəyişməz siyasəti özgə torpaqlarına zorla sahib çıxmaq cəhdi olmuşdur.
Tarix: 21 fevral 1988-ci il.
Ermənilərin ərazi iddialarına etiraz edən Qarabağlı soydaşlarımız Əsgəran istiqamətində etiraz yürüşünə çıxmışdılar. Buna səbəb həmin gün erməni deputatların üstünlük təşkil etdiyi, legitimliyi mübahisəli olan iclasda “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi” barədə səsləndirilən tələb idi.
Bu tələblərə etiraz edən soydaşlarımız Ağdam şəhərinin mərkəzində toplaşaraq mitinq keçirdilər.
Həmin mitinqdə şəkildə gördüyünüz iki gənc — Bəxtiyar və Əli də var idi. Bilirsinizmi, onlar kim idi? Onlar Qarabağ uğrunda Azərbaycanın verdiyi ilk şəhidlər — Qarabağın ilk şəhidlərindən olan Bəxtiyar və Əli idi.
Xalqımızın azadlıq səsini boğan Sovet hakimiyyətindən “dərs alan” erməni millətçiləri soydaşlarımızın üzərinə hücum etdilər. İnsanlara qarşı zorakılıqla kifayətlənməyərək odlu silahlardan da istifadə etdilər.
Həmin qarşıdurma zamanı 16 yaşlı Bəxtiyar və Əli amansızcasına qətlə yetirildilər. Mitinqdə iştirak edəcəyini ailəsinə bildirən Bəxtiyar evdən ayrılarkən anası Səlimə xanıma belə demişdi: “Məni axtarma, gedirəm ölməyə…”
Bəxtiyarın şəhid olması ilə barışmayan anası Səlimə xanımın sonrakı hadisələrdə iki ermənini öldürdüyü barədə həmin dövrün mətbuatında məlumatlar yayılmışdı. İllərlə davam edən bu ədalətsiz və qanlı mübarizə nəhayət, rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri ilə nəticələndi.
Qarabağımız işğaldan azad edildi. Üçrəngli Bayrağımız Şuşada dalğalandı, Laçında, Kəlbəcərdə, Xankəndidə və azad edilmiş digər torpaqlarımızda ucaldıldı.
Sən hər zaman dalğalan, üçrəngli Bayrağım! Sənin rənglərin bu Vətən uğrunda canından keçən şəhidlərimizin qanı, ruhu və müqəddəs xatirəsi ilə daha mənalanır, daha da ucalır, müqəddəsləşir… 
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ



MUASİRMEDİA.AZ
