5 oktyabrda Bakının Pirallahı rayonunda yerləşən Pirallahı Sənaye Parkında yeni dərman istehsalı müəssisəsinin açılışı keçirilib.
Prezident İlham Əliyev “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin yaradılmasında əsas məqsədlərdən biri Azərbaycanda əczaçılıq sənayesinin inkişaf etdirilməsi və dərman istehsalında yerli imkanların genişləndirilməsidir.
Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici və antibiotiklər daxil olmaqla müxtəlif istiqamətlər üzrə dərman preparatlarının istehsalı nəzərdə tutulur. Müəssisə tam fəaliyyətə başladıqdan sonra 178 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Məlumata görə, 2026-cı ilin ilk altı ayında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artıb.
MM.AZ
