Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı tələblər 2026-cı ildə yenidən gündəmə gəlib. İyul ayında “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklə dövlət məktəblərində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməli olduğu təsbit edilib.
Sentyabr ayında isə Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib. Qərarda müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir.
Bu baxımdan hicab məsələsi də məktəbli formasına dair ümumi tələblər çərçivəsində qiymətləndirilir. Mövcud rəsmi sənədlərdə ayrıca “hicablı şagirdlər məktəbə buraxılmır” formasında müddəa göstərilmir. Əsas tələb müəyyən edilmiş məktəbli formasına və geyim qaydalarına riayət olunmasıdır.
Qanunvericiliyə əsasən, valideynlərin də övladlarının dövlət məktəblərində geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etmək vəzifəsi müəyyənləşdirilib. Geyimlə bağlı yaranan məsələlərin həlli isə məktəbin Pedaqoji Şurasının səlahiyyətlərinə aid edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan təhsil sistemi dünyəvi prinsiplər əsasında fəaliyyət göstərir. 2026-cı ildə qanuna əlavə edilən müddəada “millilik və dünyəvilik” ümumi təhsil sisteminin əsas prinsiplərindən biri kimi göstərilib.
Beləliklə, hicab taxan məktəblilərlə bağlı məsələyə yanaşarkən yalnız geyimin formaya uyğunluğu və qüvvədə olan məktəb qaydaları nəzərə alınmalıdır. Konkret məktəbdə yaranan mübahisəli vəziyyətlər isə həmin məktəbin Pedaqoji Şurası və aidiyyəti təhsil qurumları vasitəsilə araşdırıla bilər.
MM.AZ
