Qərbi Azərbaycanın tanınmış ailələrindən olan Şahbazovlar ailəsinə ağır itki üz vermişdir. Dəyərli ziyalımız Emin Qəşəm oğlu Şahbazov 81 yaşında vəfat etmişdir.
Emin Şahbazov 1943-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdu.
Atası Qəşəm Şahbazov Gərnibasar rayonunun Qarahəmzəli kəndindən idi. 1947-ci ildə Vedi və Zəngibasar rayonlarında müxtəlif rəhbər vəzifələrdə çalışmış, Zəngibasar rayon PK-nin birinci katibi olmuşdur. 1950-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyasına etiraz etdiyinə görə vəzifədən kənarlaşdırılmış və Azərbaycana köçməyə məcbur olmuşdur.
Emin Şahbazov 1958-ci ildə İrəvan Kənd təsərrüfatı texnikumuna daxil olmuşdu. Ana babası, İrəvanın məşhur bəylərindən olan Mehdi bəyin evi Gedərçayın sahilində, İrəvanın mərkəzində yerləşirdi. Təhsil aldığı illərdə babasının evində yaşayan Emin İrəvanın hər qarışını tanıyırdı…
Sonralar təhsilini Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunda davam etdirmiş, daha sonra aspiranturada təhsil almışdı. Əmək fəaliyyətinə sıravi baytar kimi başlamış, bu sahədə müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Baytarlıq Komitəsinin sədr müavini vəzifəsinə təyin edilmiş, 2015-ci ildə bu vəzifədən təqaüdə çıxmışdı. Allah rəhmət etsin! MUASIRMEDIA.AZ