20 mart görkəmli yazıçı, jurnalist Cəfər Cabbarlının doğum günüdür

Cəmiyyət
Tarixdə bu gün – 20 mart görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Cabbarlının doğum günüdür.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçüb və “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub, oğlunun oxuması, savad sahibi olması üçün əlindən gələni edib.
Görkəmli yazıçı dünyasını dəyişəndə ailəsindən xəbərsiz cənazəsi yuyulan vaxt onun beyni Sovet hakimiyyətinin göstərişi ilə oğurlanıb tədqiqat üçün Moskvaya göndərilmişdi. Tədqiqat nəticəsində aydın olmuşdu ki, Cəfər Cabbarlının beyninin çəkisi normal insan beyninin çəkisindən fərqlənir. Normal insan beyninin çəkisi 1,4 kq olduğu halda dramaturqun beyninin çəkisi 2,7 kq imiş. Bununla yanaşı, yazıçının beyin qırışları da normal insan beyni ilə müqayisədə daha dərin və daha enli olub.
Hələ 1923-cü ildə – Stalin repressiyası başlamamış Cəfər Cabbarlı həbs olunmuşdu. Lakin o, həbslərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq, öz əqidəsindən dönməmişdi. Yaradıcılığının tədqiqatçıları yaxşı bilirlər ki, Cəfər Cabbarlı 1918-ci ildə Demokratik Respublika quruculuğunun ən fəal üzvlərindən idi. Halbuki, onda onun 19-20 yaşı vardı; bu yaşda siyasi müstəvidə fəallıq nümayiş etdirmək çox çətin məsələ idi. Ancaq Cəfər Cabbarlı buna nail olmuşdu. O, həmin dövrdə yaranan ilk parlamentdə öz dostları ilə birgə həm redaktor, həm də stenoqrafçı kimi çalışırdı. Orda gedən iclaslar, müzakirələr hamısı onların gözü qarşısında keçirdi. Bu fəaliyyətinin təsiri onun “Bayraq”, “Ölkəm” şeirlərində, bir sıra əsərlərində özünü göstərir. Sovet hakimiyyəti qurulandan sonra isə onun yaradıcılığında müəyyən fasilə yarandı. Sanki depressiyaya düşdü. 1923-cü ildə yazıçının həbs edilməsi onun səhhətinə, yaradıcılığına ciddi təsir göstərmişdi. Cəfər Cabbarlının həbsi də təsadüfi deyildi. Çünki Cəfər Cabbarlı və dostları (Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadə) gizli fəaliyyət göstərərək, müsavatın “İstiqlal” qəzetini çap edirdilər. Qəzetin mətbəəsi tapılandan sonra Cabbarlı dostları ilə birgə həbs olundu. Əgər böyük yazıçı 1934-cü ildə dünyasını dəyişməsəydi, sağ qalsaydı, çox güman ki, 37-ci ildə o da yüzlərlə Azərbaycan ziyalısı kimi repressiyaya məruz qalacaqdı… 

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADOĞLU

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir