Xəlil Rza Ulutürk – Göylərdən gələn kişi
(Şah İsmayıl Xətaiyə)
Xalqın yaman günündə, qan qaraldan günündə:
Məhəbbət qıtlaşanda, sədaqət qıtlaşanda,
Hiyləgərlik, tülkülük öz həddini aşanda,
Bazarda balla şorun qiyməti bir olanda,
Məhkəmədə caniylə hakim əlbir olanda,
Alimi susduranda bir nadanın öyüdü,
Qorxaq ələ salanda qəhrəmanı, igidi,
Qara ağdan, namərdlər mərddən seçilməyəndə,
Mənliyi olmayanlar “mənəm, mənəm” deyəndə,
Namus qızıl taxtından, qeyrət gözdən düşəndə,
Odu, közü hər yetən öz önünə eşəndə,
Qızılgülün yerinə qaratikan bitəndə,
Sözün, şe’rin me’yarı ilim-ilim itəndə
Lapdan çıxar ortaya gəlişi mö’cüzəli
Şah İsmayıl Xətai ya Məhəmməd Füzuli!

MUASİRMEDİA.AZ