Ramiz Mehdiyevin barəsində açılan cinayət işindən sonra həbslərin davam edəcəyi gözlənilən idi. Belə həbslərdən biri dünən Balakəndə baş verdi. Rayonun İcra Hakimiyyətinin başçısı İslam Rzayev və onun yaxın ətrafı həbs edildi. Bu həbslərin Mehdiyev olayı ilə əlaqəli olması heç kimdə şübhə doğurmur. Hətta hakimiyyətə yaxın saytlar Ramiz Mehdiyevlə İslam Rzayevin villa qonşusu olmasından da yazırlar.
Bildiyimiz kimi Balakən rayonunda ən gəlirli sahələrdən biri fındıqçılıqdır. Rayonda bu sahəyə uzun illər iş adamı Tofik Əliyev başçılıq edib. Onun icra başçısı ilə çox yaxın münasibətləri olması da bildirilir. Bəlkə də bunun səbəbdəndir ki, İslam Rzayevə vəkilliyi Tofik Əliyevin oğlu vəkil Elvin Əliyev üzərinə götürüb. Elvin Əliyev həm də Vəkillər Kollegiyasının intizam komissiyasının üzvüdür.
Vəkil Elvin Əliyev həm də AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında şikayət verən keçmiş partiya üzvü Aydın Əliyevə də vəkillik edirdi. Aydın Əliyev özü də qeyd edirdi ki, o imkansız bir adamdır, maddi imkanları çox aşağıdır. Amma sual yaranır, nəyin qarşılığında Elvin Əliyev kimi bahalı bir vəkil 3 instansiyaya məhkəməsində (Nəsimi Rayon Məhkəməsi, Bakı Apelyasiya məhkəməsi və Ali Məhkəmə) Aydın Əliyevi müdafiə etdi (Bahalı vəkil olmasının sübutu kimi meyxanaçı Rəşad Dağlının dostlarının onunla yüksək məbləğ qarşılığında bağladığı müqaviləni göstərmək olar). Həmin proseslərdə Elvin Əliyev Aydın Əliyevi yəkcə müdafiə etmirdi, elə canfəşanlıq edirdi ki, bəzən hakim özü də məəttəl qalırdı.
Sözüm Əli Kərimlini Ramiz Mehdiyev işinə bağlamaq istəyənlərədir. Necə oldu Əli Kərimliyə “mən sənin cinayətinin sübuta yetirəcəyəm, sənin həbsinə nail olacağam” deyən bir vəkil indi Ramiz Mehdiyevin yaxını çıxdı? Hanı sizin məntiqiniz? Necə deyərlər şər böhtan da uzun çəkmir. Suların durulacağı gün uzaqda deyil…
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ
