II Dünya Müharibəsinin həyatda olan 13 veteranından biri – Qaflan Ömərovun DÖYÜŞ YOLU – VİDEO
Alman faşizmi üzərində Qələbənin 81-ci ildönümündə Azərbaycanda sağ qalan 13 müharibə veteranından biri – qubalı Qaflan Ömərovla görüşdük. Hazırda ömrünün 103-cü baharını yaşayan İkinci Dünya Müharibəsi iştirakçısı ömür yolundan və keçdiyi döyüşlərdən danışdı.
Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov müharibəyə Batumidə zabitlər məktəbində təhsil aldığı dövrdə yollanıb. O bildirib ki, müharibə başlayanda kursantlar səfərbər olunub və təhsili yarımçıq qalıb. Veteranın döyüş yolu Smolensk, Yaroslavl, Moskva və Belarusdan keçib:
“Moskvadan Belarusa qədər piyada getdim. Orada döyüşdüm. Belarusun da veteranıyam. Hər il məni səfirlik təbrik edir, tədbirlərə dəvət edirlər.”
Qaflan Ömərov 1943-cü ilin mart ayında ağır yaralanıb. Müxtəlif hərbi hospitalarda müalicə aldıqdan sonra doğma Qubaya qayıdıb. Sonrakı illərdə müxtəlif məsul vəzifələrdə çalışıb, böyük ailə sahibi olub. Veteranın 6 övladı, 16 nəvəsi və 35 nəticəsi var.
Qaflan Ömərov bu gün də güclü yaddaşı və həyat enerjisi ilə diqqət çəkir. O, illər öncə baş verən hadisələri dəqiqliklə xatırlayır, keçdiyi döyüş yolunu ətraflı şəkildə danışır.
Qeyd edək ki, Qaflan Ömərov hazırda nəinki Qubanın, ümumilikdə şimal bölgəsinin sağ qalan yeganə İkinci Dünya Müharibəsi veteranıdır. O, eyni zamanda Azərbaycanda yaşayan son 13 müharibə veteranından biridir.
Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb.
Ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.
Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib.
MUASİRMEDİA.AZ
