Azərbaycan Milli Qəhrəmanı, General-Mayor Polad Həşimov adı Vətən sevgisi, mərdlik, cəsarət və fədakarlıqla qoşa çəkilən böyük şəxsiyyətlərdəndir. O, öz həyatını Azərbaycan Ordusuna və Vətəninə həsr etmiş, xalqına sədaqəti ilə milyonlarla insanın sevgisini qazanmış igid General idi.
Polad Həşimov sadəliyi, insanlara münasibəti, əsgərlərinə bağlılığı və Vətən qarşısında məsuliyyəti ilə seçilirdi. Onun üçün General olmaq yalnız yüksək rütbə daşımaq deyildi. O, əsgərinin yanında dayanmağı, ən çətin anda ön sırada olmağı və Vətən qarşısında borcunu sonadək yerinə yetirməyi özünün müqəddəs vəzifəsi bilirdi.
Onun qəhrəmanlığı 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Vətən uğrunda göstərdiyi fədakarlıqla daha da əbədiləşdi. Polad Həşimovun adı Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Onun şəhidlik zirvəsinə ucalması xalqı bir daha Vətən ətrafında birləşdirən böyük mənəvi hadisələrdən biri oldu.
Bu gün onun adını çəkərkən Azərbaycan xalqı qürurla, ehtiramla və böyük sevgi ilə xatırlayır. Çünki bəzi insanlar həyatdan köçsə də, onların əməlləri, qəhrəmanlığı və Vətənə sevgisi zaman keçdikcə daha da böyük məna qazanır.
Polad Həşimov xalqın sevgisini qazanan, adı tarixə yazılan, Vətən yolunda öz canından keçən igid General idi.
02.01.1975 — 14.07.2020
Sənin adın Vətən torpağında, qəhrəmanlığın Azərbaycan xalqının qəlbində, xatirən isə nəsillərin yaddaşında yaşayacaq.
Sənin kimi oğullar yaşadıqca Azərbaycan sevgisi daim yaşayacaq!

MM.AZ
