HEYF, SOLAN GÖZƏLLİK!-Yusif Nəğməkar

ƏDƏBİYYAT
HEYF, SOLAN GÖZƏLLİK!..
(Aç, aç öz sirrini, ana təbiət,
Nədən gözəlliyə yox əbədiyyət;
Madam yaratmısan gülü, çiçəyi,
Neçin soldurursan gözəl-göyçəyi?!.
(Y. Nəğməkar)
Könüldə duyğular sozalar daha,
Dinib, dünənlərdən söz salar daha,
Bir çıxış qapısı olmayan kaha —
Soyuyar qəlbə od salan gözəllik-
Saralan gözəllik, solan gözəllik.

Alın qırışları-qayğı izləri,
Titrəyər dözümün, gücün dizləri…
Gecələr səsləyər al gündüzləri
Şuxluq sövdasında nalan gözəllik-
Saralan gözəllik, solan gözəllik.

Yaşar iqlim-iqlim ayı, illəri,
Xəyala gətirər ötən nələri…
Üşüyüb, bürünər xatirələri,
İsinməz kövrəlib dolan gözəllik-
Saralan gözəllik, solan gözəllik.

Turşalan sifəti-əzab köləsi,
Büzülən dodaqlar-giley kölgəsi.
Dünənin gümanı, bəlli “bəlkə”si…
Bugün gerçəyində yalan gözəllik,
Saralan gözəllik, solan gözəllik.

Köksündə bir niskil kamanı dinən,
Çəkdiyi hər ahı “ey kaş!..”a dönən,
Üfiq ətəyinə anbaan enən
Şəfəq urasıdır əlan gözəllik,
Saralan gözəllik, solan gözəllik.

Bu sitəm dağından yetən yar aşmaz,
Ərki ər saxlamaz, nazı yaraşmaz,
Sual göyüzündə ulduz barışmaz,
“Neyçün”ü yüz yönə bölən gözəllik,
Saralan gözəllik, solan gözəllik.

O, Günəş qürubu, Ayın batması,
Dərdin göy qurşağı-hana Fatması,
Alnın düyünləri, qaşın çatması,
Bəbəkdə yaş bulan-bulan gözəllik,
Saralan gözəllik, solan gözəllik.

Sevgi odasında qəfəs yarımçıq,
Maraq adasında həvəs yarımçıq,
Finişə yönəli nəfəs yarımçıq,
Bütövə açılmaz dalan gözəllik,
Saralan gözəllik, solan gözəllik.

Qəm yükü şux qəddi əyib yonacaq,
Yaddaşda həm doğma, yad daş yanacaq,
Yenə həsrət-həsrət xatırlanacaq;
Anıb, deyəcəklər filan gözəllik…
Saralan gözəllik, solan gözəllik.

Gözdən bulud ötüb, şimşəklər çaxar;
Payız xəzəlinin sarısı baxar,
Ötkün ömür qıjov çay kimi axar
Axarda axınca kalan gözəllik…
Saralan gözəllik, solan gözəllik.

Gərdiş insafsızdır, zaman amansız;
Bəzən qərarını verir zamansız…
Fələk, a fürsətgir, mürvətsiz, qansız,
Gör nədir, bir düşün, gəl an gözəllik —
Saralan gözəllik, solan gözəllik.

Suyu sovulanda arx ada qalar…
Narınlıq, zəriflik barxada qalar…
Ərkin də gözəli arxada qalar…
Göz yaşın qurutmaz hilan, gözəllik,
Saralan gözəllik, solan gözəllik.

Ötən gözəlliyin izinə heyif!
Hüsnünə, üzünə, gözünə heyif!
Heyif, gözəlliyin özünə heyif!
İmdad sorağında talan gözəllik–
Saralan gözəllik, solan gözəllik.

Bilirəm, əvvəlin bir sonu olur —
O yazılmadırsa, bu silməcədir.
İlahi, beləmi haqq donu olur —
Bu nə “istehza”dır, nə bilməcədir?!.
Təsəlli arayaq bəlkə bu yerdə;
Fəqət ölümsüzdür olan gözəllik.

Görünməsə belə, xatirələrdə
Ağ-qara şəkiltək qalan gözəllik–
Saralan gözəllik, solan gözəllik.
Yusif Nəğməkar
08.07.2026.

bir veya daha fazla kişi ve şunu diyen bir yazı 'Bingondiqge diqo Birgun mer marezin' görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir