QƏLPSİZ QƏLBİN QƏM QƏLPƏSİ
Hər dəyərin özəl çağı,
Hər dəyərin özəl çağı,
Hər çağın öz dəyəri var.
Hər qaranın da bir ağı,
Hər ağın bir əyarı var.
Hər ocağın bir köz daşı,
Hər dövrün sülhü, savaşı…
Hər yolun öz yol-yoldaşı,
Hər yaşın da öz yarı var.
Ümid ardınca gedirik,
Vədəsiz can vəd edirik…
Məsafələr qət edirik,
Qarşıda neçə barı var…
Ruh işığı süz batinə,
Dönüb üz tut, üz, batinə,
Hərdən boylan öz… batinə,
Orda iç ahi-zarı var…
Yazığım gəlir paxıla;
Hər an kin atır “daxıl”a…
Baş kəndin başa qaxılan
De azmı boş-bekarı var?!.
Nəsənsə, osan sən əslən;
Lap yağ-bal içində bəslən.
Ha bağır, ucadan səslən,
Yan-yörəmizin karı var…
Özündənrazılıq kimi
Titrətməyək sarı simi…
Adıma — peyğəmbər ismi–
rəğmən könlüm şikarı var…
Duyum zərif, üyüm tirmə;
Söz toxu, meyar itirmə,
İstəsən gör, ya heç görmə;
Qəlp olmayan neçə qəlbin
Bir Yusif Nəğməkarı var!..
Yusif Nəğməkar
15.07.2026.
MUASİRMEDİA.AZ
YUSİF NƏĞMƏKAR
