AVROPALI SƏYYAHLAR LƏZGİLƏR HAQQINDA

ölkə
Qafqaz haqqında qədim Avropa səyyahlarının yazdıqları əsərləri oxuyarkən istər-istəməz belə bir sual yaranır: görəsən onlar yüksək dağlar qoynunda, dərin dərələrin arasında əlçatmaz yaşayış məntəqələri yaratmış ləzgiləri necə görmüş, necə tanımışlar?
Bu diyarın təbiətində onları ən çox nə heyrətləndirmişdi, nəyi düzgün anlaya bilmiş, nə isə onların təsəvvürlərindən kənarda qalmışdı?
Bu sualların cavabları XVIII-XIX əsrlərə aid coğrafi təsvirlərdə, səyahətnamələrdə, elmi əsərlərdə və ensiklopediyalarda qorunub saxlanılır. Avropa müəllifləri Dağıstanın təbiəti, yaşayış məntəqələri və yolları, əkinçilik və bağçılıq təcrübəsi, dağlıların geyimi və silahları, adət-ənənələri və ictimai münasibətləri haqqında yazmışlar. Bəzən bu qeydlər müşahidələrin dəqiqliyi ilə heyrətləndirir, bəzən isə dövrün stereotiplərindən yaranmış subyektivlik ilə qarşılaşırıq. Bütün hallarda bu yazılar bizə ləzgiləri başqa mədəniyyətə, başqa dünyagörüşünə və başqa dövrə mənsub insanların gözü ilə görmək imkanı verir.
Ləzgilər haqqında məlumatlara rast gəlinən ilk Avropa mənbələrindən biri Deni Didro və Jan Leron d’Alamberin rəhbərliyi ilə nəşr olunan məşhur fransız ensiklopediyası idi. Ensiklopediyanın 1765-ci ildə işıq üzü görmüş doqquzuncu cildində– «Laze, yaxud ləzgi» («LAZE ou LESGI») adlı məqalə dərc olunmuşdu. Məqalədə Xəzər dənizinin yaxınlığında, Dağıstan dağlarında yaşayan xalq haqqında məlumat verilir. Burada ləzgilərin siyasi quruluşu, silahları, qonşu xalqlarla münasibətləri və yerli hakimlərlə əlaqələri barədə məlumatlara rast gəlinir.
Bu gün həmin mətnə nəzər salanda onun XVIII əsrin dünyagörüşünü nə qədər güclü əks etdirdiyi xüsusilə nəzərə çarpır. Orada müasir oxucu üçün nəinki qeyri-dəqiq, hətta açıq-aşkar təhqiramiz görünən ifadələrə də rast gəlinir. Bu da həmin dövrün Avropa dünyagörüşündən xəbər verir. O zaman Avropadan fərqli mədəniyyətlər çox vaxt «sivil» və «vəhşi» anlayışları ilə qarşılaşdırılırdı.
Bununla belə, həmin məqalənin tarixi əhəmiyyəti böyükdür. O göstərir ki, artıq XVIII əsrin ortalarında ləzgilər haqqında məlumatlar Avropanın elmi və ensiklopedik bilik dairəsinə daxil olmuşdu.
XIX əsrdə avropalıların Qafqaza marağı daha da artdı. İndi səyyahlar yalnız onlara gəlib çatan məlumatları təkrar etməklə kifayətlənmir, diyarı öz gözləri ilə görməyə və bilavasitə müşahidə etməyə çalışırdılar.
Belə tədqiqatçılardan biri baron Klement Avqust de Bode idi. Onun «Qafqaz silsiləsinin şərq hissəsinin ləzgi tayfaları ilə birlikdə dağlıq Dağıstan haqqında oçerk» (Hilly Daghestan, with the Lesghi Tribes of the Eastern Chain of the Caucasus») adlı məruzəsi 26 mart 1860-cı ildə Londonda Kral Coğrafiya Cəmiyyətinin jurnalında dərc olunmuşdu.
De Bode öz yazısına Dağıstanın dağlıq təbiətini təsvir etməklə başlayır. Onun qarşısında qranit massivləri, dərin dərələr, sıldırım yamaclar və dağların arasından keçən çaylar canlanır. Səyyah dağ adamının həyatının təbiətlə nə qədər sıx bağlı olduğunu göstərir. Onun üçün sıldırım yamac sərt mənzərənin bir hissəsi idisə, yerli sakin üçün həmin yamac ev tikdiyi, bağ saldığı, torpaq becərdiyi və məhsul yetişdirdiyi yaşayış məkanı idi. Kənardan yaşamaq üçün yararsız görünən yerlər nəsillər boyu insan əməyi hesabına həyat məkanına çevrilmişdi.
De Bode əkinçiliyin çətinliklərinə də diqqət yetirir. O, daşlı yamacla yuxarı qalxan, yanında taxıl və silah daşıyan dağlı haqqında yazır. Bu səhnədə həmin dövrün səyahətnamələrinə xas dramatikləşdirmə hiss olunsa da, burada dağ təsərrüfatının mühüm xüsusiyyəti – əkin üçün yararlı hər qarış torpağın böyük dəyər daşıması – öz əksini tapır.
Səyyah yamaclarda salınmış terras bağlarını da qeyd edir. Ənənəvi təsərrüfatın tarixi baxımından bu fakt böyük əhəmiyyət daşıyır. Terraslar göstərir ki, dağ sakinləri mürəkkəb relyefi öz ehtiyaclarına uyğunlaşdırır, çətin şəraiti belə əmək və bacarıq hesabına məhsuldar məkana çevirirdilər.
XIX əsrin Avropa ədəbiyyatında ləzgilər, Qafqazın bir çox xalqları kimi, çox vaxt Qafqaz müharibəsi fonunda təqdim olunurdu. Xəncər və tüfənglə silahlanmış döyüşkən dağlı obrazı həmin dövrün ədəbiyyatında geniş yayılmışdı. Lakin qədim səyahətnamələr bu obrazın arxasında tamam başqa bir həyatın olduğunu da görməyə imkan verir.
Qarşımızda tədricən əkinçi və bağban, ev sahibi və sənətkar, kənd icmasının üzvü olan insanlar görünür. Onlar taxıl yetişdirir, bağlara qulluq edir, ev tikir, ailə saxlayır və hər qarış torpağı öz ehtiyaclarına uyğunlaşdırmağa çalışırdılar.
Bu mənada alman səyyahı və təbiətşünası Morits Vaqnerin müşahidələri maraq doğurur. Onun «İran, Gürcüstan və Kürdüstana səyahətlər: kazaklar və Qafqaz haqqında oçerklər» (Travels in Persia, Georgia and Koordistan: with Sketches of the Cossacks and the Caucasus) adlı üçcildlik əsəri 1856-cı ildə Londonda nəşr olunmuşdu.
Vaqner Qafqazın təbiəti, əhalisi, hərbi hadisələri və ictimai həyatı haqqında geniş yazmışdı. Onun kitabında dəfələrlə «ləzgi» (Lesghian) sözü ilə qarşılaşırıq. Bu müşahidələr XIX əsr Avropa səyyahının nəzərində Qafqazın coğrafiyası, hərbi tarix və etnoqrafiyanın bir-biri ilə necə əlaqələndirildiyini görməyə imkan verir.
XIX əsr səyyahları üçün dağlıların geyimi və silahları da xüsusi maraq doğururdu. Geyim onlar üçün sadəcə insanın zahiri görkəminin bir hissəsi deyildi. Səyyahlar geyimə baxaraq insanın yaşını, cəmiyyətdəki mövqeyini, müəyyən əraziyə mənsubiyyətini, bəzən isə hərbi statusunu müəyyənləşdirməyə çalışırdılar.
Bu gün həmin təsvirlər başqa bir əhəmiyyət də daşıyır. Onlar rəsmlər, fotoşəkillər və digər etnoqrafik materiallarla birlikdə ənənəvi geyimin xüsusiyyətlərini öyrənməyə imkan verən əlavə mənbədir.
Avropa səyyahları bizə bu böyük tarixin yalnız ayrı-ayrı səhifələrini miras qoyublar. Bu səhifələrin bəzilərində dövrün səsi eşidilir, bəzilərində dəqiq müşahidə ilə qarşılaşırıq, haradasa mübaliğə nəzərə çarpır, başqa bir yerdə isə gözlənilmədən diqqətli və obyektiv baxışla rastlaşırıq.
Lakin bütün bu parçalar bir araya gətirildikdə və başqa mənbələrlə müqayisə edildikdə əsas həqiqət daha aydın görünür: ləzgilər Avropa oxucusu üçün tədricən uzaq və sirli «dağlı xalq» olmaqdan çıxaraq öz torpağı, mədəniyyəti, təsərrüfatı, adətləri və tarixi olan canlı bir xalq kimi görünməyə başlamışdı.
Fotoğraf açıklaması yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir