MUSİQİÇİLƏR AİLƏSİ -FOTOLAR

Mədəniyyət
Aşıq sənətini yaşadan ustad aşıqlar el-obaları gəzib-dolanır, ifaları, söz-söhbətləri, dastan-qaravəlliləri ilə ədəb-ərkandan, yüksək insani keyfiyyətlərdən, ləyaqət və nəzakətdən, şəxsiyyət və mənlikdən danışar, könüllərdən könüllərə körpü salardılar. El sevgisi, xalq məhəbbəti qazanmış aşıqlar dəvət olduqları sünnət, toy məclislərini uğurla başa vurardılar.
Vaxtı ilə bu gözəl ənənəni davam etdirən, saza-sözə dəyər verdirən və ailəsində yaşadan rəhmətlik Hacı Mürşüd oğlu Piriyev olub. O, 1950-ci ildə Marneuli rayonunun Qırıxlı kəndində anadan olub. 1967-ci ildə Qırıxlı orta məktəbini bitirib. 1970-ildən 1972-ci ilədək hərbi xidmətdə olub. O, uzun müddət Qullar sovxozunun direktoru Alıbəy Qaracayevin sürücüsü olub. 2020-ci ilin dekabrında vəfat edib.
Hacı Piriyev məktəb illərindən başlayaraq saz havalarını zümzümə edər, fışdırıqla çalardı. Həssas qəlbli Hacının gözəl musiqi duyumu vardı. İstedad və bacarığı onu aşıq sənətinə bağlayır. Oğlu Hacının saza, sözə olan həvəs və marağını görən Mürşüd kişi ona cürə saz alır. İlk dəfə sazı sinəsinə basıb dınqıldadan balaca aşığın sevinci yerə-göyə sığmırdı. Meylini saza salan gənc Hacı simləri saz “dilində danışdırır”, “qaydaları” (havaları) alayarımçıq çalıb zümzümə edərdi. Beləliklə, gənc Hacı Piriyev ustada şəyirdlik etmədən sazın sirlərini öyrənib istəyinə nail olur
Sənəti müstəqil öyrənməsi Aşıq Hacının saza-sözə olan sevgisinin nəticəsi idi. Onun sənətdə qazandığı uğur və nailiyyəti oğlu Mahirə və nəvəsi Zahirə sazı sevdirməsi olub.
XATIRLAMA: Qonşu Qullar sovxozunun direktoru, rəhmətlik Alıbəy Qaracayev bir yana gedəndə, iclas və tədbirlərə çağrılanda sürücüsü Hacıya deyərdi: “Aşıq, bir-iki ağız oxu, könlümüz açılsın, kefimiz durulsun”. Hacı da diqqətini yayındırmadan məlahətli səslə oxuyardı. Alıbəy də xeyir-duasından qalmayıb “gözəl səsin, şaqraq zəngulən olduğu halda niyə məclislərə getmirsən”? deyərdi. Hacı da “sənəti özüm, ailəm üçün öyrənmişəm” cavabını verərdi.
Hacı Piriyev aşıq sənətini öyrənməklə yanaşı, qara zurnanın da mahir ifaçısı idi. O, dəstəsi dəmkeş Qulamhüseyn və dəfçi Bəkirlə birlikdə el toylarını çalmış, qızlar köçürmüş, gəlinlər gətirmişdi.
Aşıq-zurnaçı Hacı Piriyev sadə və təvazökarlığı, səmimi və mehribanlığı, insanpərvərliyi ilə seçilən sənətkar idi. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin!
Ailənin aşıqlıq ənənəsini Hacının oğlu Mahir Piriyev davam etdirir. Mahir 16 fevral 1973-cü ildə Qırıxlı kəndində anadan olub.Atasının təkidi və özünün istəyi ilə1985-ci ildə Qırıxlı orta məktəbinin 5-ci sinfindən çıxıb Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin Suraxanıdakı filialına qəbul olunur və 1991-ci ildə həmin məktəbi “Qırmızı diplomla” bitirir. Suraxanı mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Elşən” uşaq ansamblında 4 il saz ifa edir. Ansambıl Azərbaycanın bir çox bölgələrində dövlət tədbirlərində iştirak edib.
1991-1993-cü illərdə qonşu Qullar atçılıq sovxozunun mədəniyyət evində saz müəllimi işləyən Mahir sazın “əlifbasını” atası Aşıq Hacıdan öyrənib. O da, atası aşıq-zurnaçı Hacı kimi sənət aləmində bir çox “musiqiçilərdən” fərqli olaraq şöhrət, özünü “gözə soxmağı” sevməyən, ad-san qazanmaq naminə kiməsə də “ağız açmağı” xoşlamır. Müasir el şənlik və toylarının ”tələbinə” görə Mahir də saz və elektro gitarada məharətlə ifa edir.
Biz bu fani dünyanın müvəqqəti sakinləri özümüzdən sonra iz qoymağı, tarix yazmağı, ata yolunun, soykökü, ailə ənənələrini yaşatmağa qadir xalqıq. Bu mənada saz-gitara ustası Mahir bəy də ata sənətini oğlu Zahir Piriyevdən əsirgəməyib. İndi Zahir baba-ata yolunu davam etdirib müqəddəs saz sənətini yaşatmağı özünə borc bilir. Zahir bəy də, artıq bir neçə havanı özünəməxsus məharətlə ifa edir.
Sənət yolunu davam etdirən, müqəddəs saza can verib yaşadan, təbliğ edən, gələcək nəsillərə yetirən Mahir və Zahir ata-balaya uğur və nailiyyətlər arzulayıram. Hər ikisinə Allah-Taala yar və yardımçı olsun. Amin!
Əlixan Yəhyaoğlu.
MUASİRMEDİA.AZ 
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir