Human Rights Watch insan hüquqlarını müdafiə təşkilatı AXCP-yə qarşı repressiyaları pisləyən bəyanat verib (link rəydə). Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə Departamentinin direktor müavini Giorgi Qogianın yaydığı bəyanatda deyilir:
“Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı təzyiqləri gücləndirir
Xalq Cəbhəsi Partiyasına qarşı repressiyalara son qoyulsun; partiya üzvünün həbsdə ölümünə dair araşdırma aparılsın
Azərbaycan hakimiyyəti uzun illərdir davam edən siyasi motivli təqiblər və qorxutma siyasətini davam etdirərək müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı təzyiqləri daha da gücləndirib. Son aylarda hakimiyyət xüsusilə partiyanın rəhbərliyini hədəfə alır.
Dekabrın 19-da məhkəmə AXCP-nin yüksək vəzifəli üzvü Murad Sultanı 30 sutka inzibati həbs cəzasına məhkum edib.
Bu qərar noyabrın 29-da partiya sədri Əli Kərimlinin “zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı ilə barəsində seçilmiş istintaq dövrü həbs qətimkan tədbirindən sonra verilib. Hakimiyyət orqanları həmçinin onun bir neçə mühafizəçisini və sürücüsünü də saxlayıb. Əli Kərimli 2005-ci ildən bəri ölkədən çıxış qadağası ilə üzləşir.
2025-ci ildə Azərbaycan hakimiyyəti Xalq Cəbhəsi Partiyasına qarşı kampaniyanı kəskin şəkildə genişləndirərək ölkə üzrə onlarla partiya üzvünü qanunsuz həbs edib və saxlayıb, saxta inzibati və cinayət işləri açıb, partiya rəhbərliyini və üzvlərini digər formalarda təzyiqə məruz qoyub. Polis və məhkəmələr tez-tez qeyri-müəyyən və geniş şəkildə sui-istifadə olunan “xırda xuliqanlıq” və “polisə tabe olmama” kimi inzibati ittihamlara istinad edib və ya partiya üzvlərinin uydurma olduğunu bildirdiyi cinayət ittihamları irəli sürüb. Partiya rəsmiləri bildirir ki, hazırda azı 20 üzv həbsdədir.
Dekabrın 12-də həbsdə olan 22 yaşlı partiya üzvü Elbəyi Kərimlinin ehtimal edilən intiharı ilə bağlı narahatlıqlar daha da artıb. Hakimiyyət orqanları onu 2023-cü ilin avqustunda sabiq prezident Heydər Əliyevin (2003-cü ildə vəfat edib) heykəlinin üzərinə “Stalin” sözünü yazdığına görə saxlamış, daha sonra isə külli miqdarda narkotik saxlama ittihamı irəli sürmüşdü. Hakimiyyət Elbəyi Kərimlinin ölümü ilə bağlı istintaq başladıldığını açıqlasa da, onun nəticələrini ictimaiyyətə açıqlamayıb.
Dekabrın 13-də Bakı məhkəməsi AXCP üzvü Vüqar Qədirov barəsində silah saxlama ittihamı ilə üç aylıq istintaq dövrü həbs qətimkan tədbiri seçib.
Aprel ayında məhkəmə partiya üzvü Mehman Əliyevi saxta narkotik ittihamları ilə beş il müddətinə azadlıqdan məhrum edib. Əliyev bildirib ki, ittihamlar onun polis zorakılığına dair görüntüləri çəkib yaymasına görə qisas məqsədi daşıyıb.
2025-ci il ərzində polis Binəqədi, Yevlax, Ordubad, Lənkəran və digər bölgələrdə fəalları polis bölmələrinə çağıraraq saxlayıb, onları tələsik məhkəmə icraatlarından keçirib və tez-tez bir neçə gün ərzində vəkilləri və ailələri ilə əlaqəsiz vəziyyətdə saxlayıb.
Azərbaycan hakimiyyəti dinc siyasi fəaliyyətə görə saxlanılan bütün şəxsləri dərhal azad etməli, müxalifətə qarşı məhdudiyyətləri, o cümlədən Əli Kərimliyə tətbiq edilən 20 illik ölkədən çıxış qadağasını ləğv etməli və həbsdə baş verən sui-istifadə halları və ölümlərlə bağlı müstəqil və qərəzsiz araşdırmalar aparılmasını təmin etməlidir”.
Qeyd: Əli Kərimli noyabrın 29-da saxta ittihamla saxlanılıb və barəsində ilkin istintaq dövrü üçün 2 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda DTX-da saxlanılır.
Paylaşdı: səhifənin adminləri.

MUASİRMEDİA.AZ
